Accessibility links

Ekspert: Korrupsiyaya qarşı mübarizə iqtisadi-siyasi sistemin islahatından keçiir


"Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir."

Bunu prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

"Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük,” İlham Əiiyev qeyd edib.

Onun sözlərinə görə, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanılıb.

“Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir".

Öz növbəsində, siyasi şərhçi Azər Qasımlı deyib ki, Azərbaycanda korrupsiya sistemli faktordur.

Onun fikrinə görə, bu, hər sahədə və idarəetmənin bütün pillələrinə siraət edib.

“Korrupsiya sadə rüşvətalma əməliyyatı, rüşvətxorluq demək deyil. Dövlət satınalmaları, büdcənin xərclənməsinə nəzarət, iqtisadi sistem və digər əsas göstəricilər var ki, bizdə korrupsiya məhz bunlara görə var və möhkəmdir. Bir sözlə iqtisadi-siyasi sistem məhz korrupsiya üzərində formalaşıb, yuxarıdan aşağıya qədər. Sadəcə kadr islahatı ilə onu həll etmək mümkün deyil. Ən yaxşı idarəçi, məsələn nazirin və ya icra başçısının rəsmi maaşı 2 min manata qədərdirsə, onların üzərində parlament və ictimai nəzarət yoxdursa, demək kadr islahatı ilə iş həll oluna bilməz.”

Azər Qasımlı deyir ki, korrupsiyaya qarşı mübarizə ilk növbədə mövcud iqtisadi-siyasi sistemin islahatından keçməlidir.

“Hakimiyyət bölgüsü və yerli özünüidarəetmə, parlamentarizm (parlament nəzarəti), azad media və sivil toplum (ictimai nəzarət) institutları, effektiv kiçik hökumət olmalıdır ki, korrupsiya sistemli olmasın. Bunun yanında da dövlət idarəetməsində olan şəxslər, məmurların maaşı yaxşı (özəl sektorda top menecerlərin gəlirləri səviyyəsinə indeksli) olmalıdır. Daha bir problem var bizdə. O da ki, korrupsiya ilə mübarizə qurumlarıdır ki, həm bir neçədir, həm də özləri korrupsiyalaşıb. Bu məsələdə də maraqlar toqquşması prinsipi pozulub. Prezident özü isə bu məsələyə cavabdeh olmaq istəmir. Yaxşı olardı ki, bu quruma o özü rəhbərlik edərdi. Necə ki, bunu vaxtilə Sinqapurda Li Kuan Yu etmişdir. Lakin İlham Əliyev Li Kuan Yu deyil,” o qeyd edib.

XS
SM
MD
LG