Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.
Sərəncama görə, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncama görə martın 1-dən elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəriciləri üzrə 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd veriləcək.
Əliyevin sərəncamı ilə həmçinin ali məktəb tələbələri üçün prezident təqaüdü martın 1-dən 185 manatdan 210 manata qaldırlıb.
Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov bildirib ki, prezidentin sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq.
Sərəncam 110 minə yaxın təhsil alanın sosial müdafiəsini gücləndirəcək. Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu il martın 1-dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq.Cəsarət Valehov, Təhsil Nazirliyinin rəsmisi
“Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı sərəncam 110 minə yaxın təhsil alanın sosial müdafiəsini gücləndirəcək. Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu il martın 1-dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq. Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncam ilə isə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq," Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri qeyd edib.
Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, tələbələrin, magistrlərin və doktorontların təqaüdləri çox aşağı səviyyədə idi.
“Prezidentin sərənsamı gecikmiş olsa da, mühümdür. Çünki, indiki anda rayonlardan olan tələbələrin böyük hissəsi kirayənişin yaşayır. Universitetlərin əksəriyyətinin yataqxanaları yoxdur. Təqüdlərin artırılması tələbələrin sosial yükünün azaldılması baxımından əhəmiyyətlidir.”
Ekspert bildirib ki, hazırda elmlə məşğul olan kişi cinsindən olanların sayı kəskin azalmaqdadır.
Ölkədə insan kapitalının inkişafını nəzərdə tuturuqsa, bu, birmənalı şəkildə elmi tədqiqatlarla bağlıdır. Elmi tədqiqatlar isə magistratura və doktoranturaya cəlb olunanların səviyyəsindən asılıdır.Etibar Əliyev, ekspert
“Bu əsasən təqaüdlərlə bağlıdır. Çünki magistr və doktorantura pilləsində əsasən elmi tədqiqatlarla məşğul olunur. Bunun üçün də xeyli vəsait lazımdır. Bu səbəbdən təqüdlərin artırılması gündəlikdə duran məsələ idi. Hesab edirəm ki, təqüdlərin artırılması bundan sonra da davam etdirilməlidir. Ölkədə insan kapitalının inkişafını nəzərdə tuturuqsa, bu, birmənalı şəkildə elmi tədqiqatlarla bağlıdır. Elmi tədqiqatlar isə magistratura və doktoranturaya cəlb olunanların səviyyəsindən asılıdır. Bu baxımdan prezidentin sərəncamı orta nəslin elmlə məşğul olmasına motivasiyanı artıracaq,” ekspert qeyd edib.
Etibar Əliyev deyib ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda təqaüdlər elə də yüksək deyil.
“Qərb ölkələrində elmi tədqiqatlara cəlb olunan insanların motovasiyası ilə yanaşı onların maddi tələbatının ödənilməsinə də xüsusi diqqət yetirilir,” o qeyd edib.