Accessibility links

Ekspert: “Turizmdə problemlərdən biri xidmət sahəsidir”


Ölkəyə gələn turistlərin sayı 6 faiz çoxalaraq 2,5 milyon nəfərə çatıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana səyahət edən əcnəbilərin sayı 2,5 milyona çatıb. Bu 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatında deyilir.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Turizm diaqramda
Turizm diaqramda

Ənənəvi olaraq, Azərbaycan Asiya bölgəsindən Pakistan, Hindistan və Türkmənistanın, Yaxın Şərq bölgəsindən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İraqın turizm bazarları olaraq qalıb.

Müsbət artım tendensiyası ilə yanaşı azalma da müşahidə olunub. Belə ki, 2017-ci ildə Rusiya və Gürcüstandan sonra Azərbaycan turizminin üçüncü ən böyük bazarı olan İrandan gələn səyahətçilərin sayı 2018-ci ilin yanvar-noyabr aylarında 33% azalıb.

Azər Qəribov: “Turizmdə problemlərdən biri xidmət sahəsidir”
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Turizm üzrə ekspert Azər Qəribov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda turizm sahəsində problemlərdən biri xidmət sahəsidir.

Ölkə ərazisində səyahət etmək üçün on-layn xidmətlərin inkişafına ethtiyac duyulur.
Azər Qəribov

“Mən dünyanın 90-na yaxın ölkəsində olmuşam. Müqayisə üçün bildirim ki, Azərbaycanda problemlərdən biri xidmət sahəsindədir. Bu sahədə bir qədər zəiflik var, kadrlar çatışmır. Bu xüsusilə regionlarda hiss olunur.”

Onun sözlərinə görə, viza siyasətində kifayət qədər işlər görülüb.

“Vizanı bir günün içərisində internetlə on-layn qaydada almaq olur. Bir sıra ölkələrin vətəndaşları Azərbaycanın hava limanlarında da viza ala bilir. Ona görə də turistlərin sayında gözəçarpan dərəcədə artım var.”

Ekspert hesab edir ki, daha çox turist cəlb etmək üçün aşağı büdcəli hotellərin sayı artırılmalıdır.

“Bir də ölkə ərazisində səyahət etmək üçün on-layn xidmətlərin inkişafına ethtiyac duyulur. Xaricdən ölkəyə gələn turist fərdi qaydada on-layn rejimdə istədiklərini cəm şəkildə kifayət qədər ala bilmir. Düzdür, o, müəyyən turist agentliklərinə müraciət edərək istədiklərini bir paket şəklində ala bilər. Mən xarici ölkələrə gedərkən avtobus biletini də qabaqcadan on-layn qaydada ala bilirəm. Mənə elə gəlir ki, bu sahədə bir az problemlər var.”

Azər Qəribov
Azər Qəribov

Onun fikrincə, Azərbaycan əsasən MDB ölkələrindən daha çox turist cəlb edilməsi üçün işlər aparmalıdır. Şərq və Asiya ölkələri də hədəf olmalıdır.

“Hələ Azərbaycana Avropa ölkələrindən kifayət qədər turist gəlmir. Mən həmişə hədəf qrupu kimi Avropanın seçilməsinin əleyhinə olmuşam. Çünki Azərbaycan kurortları hələ Avropa kurortları ilə rəqabət aparmaqda çətinlik çəkir. Avropadan turist cəlb etmək olar. Amma kütləvi axın olacağına inanmıram.”

Ekspert hesab edir ki, ölkədə qastronomiya və ekstremal turizmin inkişafı üçün potensiallar var.

“Azərbaycan mətbəxi çox dadlıdır və geniş çeşidlidir. Ekstremal turizmin inkişafı üçün də potensiallar var,” o qeyd edib.

XS
SM
MD
LG