Accessibility links

Ekspert: Yol polisinin cərimələməkdə maraqlı olması ədalətsizliyə səbəb olur


Yol polisi əməkdaşları ilə sürücülər arasında mübahisələr tez-tez gündəmə gəlir. Elə bu günlərdə sosial şəbəkələrdə bu cür mübahisəni əks etdirən daha bir video yayılıb. Videondan görünür ki, cərimələnən sürücü gərgin şəkildə polisə etiraz edir.

Bu hadisədən sonra sürücü polis əməkdaşını təhqir etmə ittihamı ilə 20 sutka inzibati həbs cəzası aldı, polis özü isə təqaüdə göndərildi.

Bəs, niyə yol polisi ilə sürücülər arasında bu cür hallar baş verir. Bir neçə il öncə də bir sürücü yol polisi maşının üzərinə çıxaraq, balta ilə maşına zədələmişdi. Həmin vaxt da bu mövzu gündəmə gəlmiş, bir neçə gün ciddi müzakirələri getmişdi.

Yol-nəqliyyat hadisələrindən bəhs edən “Avtostop” saytının təsisçisi və baş redaktoru Tural Yusifov deyir ki, bu problem sürücü və polislərin bir-birinə inamsızlığının nəticəsidir:

“Yəni, polis sürücünü saxlayıb, bir qaydanı pozduğunu deyəndə, sürücü ona inanmır. Sürücü isə “pozmamışam” dedikdə polis ona inanmır. Yəni, arada bir-birlərinə inamsızlıq var. Düzdür, son zamanlar polis daha müasir idarəetmə üsuluna keçib. Hər yerdə kameralar var və qayda pozuntusu aşkara çıxarılırsa, o zaman sürücünü saxlayır. Sürücü və polis arasında inam çox önəmlidir. Bu inamı da polis yaratmalıdır. İnsanlar bu inamı əməldə görməlidir. Sürücülər də səmimi olmalıdır, qaydanı pozubsa, etiraf etməlidir”.

Tural Yusifov deyir ki, qanunda polis saxladıqda sürücü ümumiyyətlə, sükanı tərk etməməlidir. Polis isə görürsə ki, sürücü gərginləşib, bir kənara çəkilib onun sakitləşməsini gözləməlidir.

0 ildir Bakıda sürücü işləyən Əli Bayramov isə deyir ki, onu ən çox polisin davranışı narahat edir. Onun sözlərinə görə, polislərin bir çox sürücülərlə kobud dildə danışır, səbəbsiz yerə sürücünü cərimələməyə çalışır:

“Bir dəfə məni saxlayıb, bildirdilər ki, mən içkili maşın idarə etmişəm. Yoxlamadan sonra içkili olmadığım məlum oldu. Bu dəfə isə bildirdilər ki, maşının arxa işığını yandırmamışam. Bundan sonra mən 102-yə şikayət etdim. Və bu məsələ araşdırılandan sonra mən doğru olduğumu sübut edə bildim”.

Əli Bayramov deyir ki, belə hallarla bir dəfə yox, bir neçə dəfə rastlaşıb. Hər dəfə doğru olduğunu sübuta yetirmək isə vaxt itkisi və əsəb gərginliyidir.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirir ki, polisin məqsədi yol hərəkətində təhlükəsizliyi təmin etməkdir. O, əsassız cərimələmə və digər tənqidləri qəbul etmir:

“İntizamsızlığa, yol hərəkətinin pozulmasına meylli olanlar, əlbəttə ki, polisi sevməz. Bu gün polis vətəndaşının yanındadır. Ən azından baş vermiş yol qəzaları, onların haqda statistikaya nəzər saldıqda biz yol polisinin xidmətlərini görürük. Qəza hadisələrinin azalması, xəsarət dərəcələrinin yüngülləşməsi, keçmə ardıcıllığının təmini, süni sıxlığın qarşısının alınması, bütün bunlar polisin xidmətlərinin bariz nümunəsidir”.

Tez-tez sosial şəbəkələrdə yol polisini tənqid edənlərdən biri də ictimai fəal Bəxtiyar Hacıyevdir. O deyir ki, dəfələrlə əsassız cərimələmə, heç bir səbəb olmadan saxlama kimi hallarla üzləşib. Yol polisindən yazdığı şikayətlərə görə onu bəzən “demoqoq” adlandıranlar da var.

Bəxtiyar Hacıyev iddia edir ki, polisin əsas məqsədi sürücüləri cərimələməklə, ilk növbədə öz, sonra isə dövlət büdcəsini doldurmaqdır. Əsk halda bu qədər yol polisi olduğu halda, nəqliyyatdakı problemlər aradan qalxardı.

AzadlıqRadiosu Bakıdakı sürücülərin yol polisinin işi haqda fikirlərini öyrənib:

Bir neçə il öncə yenilənən “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaları"na əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisinin aylıq maaşına əlavə olunur.

Nəqliyyat eksperti, Sosial Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli isə hesab edir ki, bu da polisi daha çox sürücünü cərimələməyə sövq edir.

Dövlət statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

AzadlıqRadiosu

XS
SM
MD
LG