Accessibility links

Ekspertlər: İşsizlik hökumət deyən kimi 5 yox, 20-30 faizdir


Masallı rayonunda "qul bazarı" (Foto AzadlıqRadiosu-nun səhifəsindən götürülüb)

Hökumət elan edib ki, 2030-cu ilə qədər işsizlik səviyyəsini beş faizdən dörd faizə endirəcək.

Bu barədə sənədi - Məşğulluq Strategiyasını prezident İlham Əliyev dünən, oktyabrın 30-da imzalayıb.

Sənəd 2019-2030-cu illərdə işsizliyi azaltmaq üçün tədbirlər nəzərdə tutur. Amma tənqidçilər bəri başdan sənədi sual altına qoyurlar, iddia edirlər ki, işsizlik statistikası reallığı əks etdirmir.

Məsələn, Sosial və İqtisadi İnkişaf Mərkəzi isə hesablayıb ki, hazırda işsizlik hökumətin iddia etdiyi kimi 5 faiz yox, 30 faizə yaxındır.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov bu barədə belə deyib:

“Azərbaycanda keyfiyyətli işsizlik siyasəti aparmaqla işsizliyi 6-7 faizə salmaq mümkündür. Amma bu gün hökumət açıqlayır ki, bizdə işsizlik 5 faizdir. Bu halda mənim dediyim rəqəm öz əhəmiyyətini itirir. Çünki bu rəqəm reallığı əks etdirmir. Bizim hesablamamıza görə işsizlik 20-30 faiz arasında dəyişir”.

"Hökumət statistikanı siyasiləşdirir"

Başqa bir təhlilçi, iqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda kütləvi işsizlik var, sadəcə hökumət statistikanı siyasiləşdirir.

Bu ilin iyununda “Məşğulluq haqqında” qanun dəyişəndən sonra, Astara sakini Səttar Hüseynovu da hökumət işsiz hesab etmir, deyir ki, onun ailə təsərrüfatı var və o işsiz ola bilməz. Amma Səttar Hüseynov hökumətlə razılaşmır:

“Mən 90-cı ildən işsizəm, iki uşağım var, bunun qələmi var, dəftəri var. Qəndi var, çayı var. Maddi vəziyyət çox çətindir. Məşğulluq idarəsinə gedirəm, işlə təmin olunmuram. Mənə deyirlər ki, iş yoxdur, mən də çıxıb gəlirəm. Üç müəssisədə işləmişəm, üçü də satılıb, qalmışam havada”.

Hökumət isə iddia edir ki, 2030-cu ilə qədər məşğulluq strategiyasının 13 hədəfinə çatıb və işsizliyi daha da azaldacaq. Bu hədəflərin bəzilərini diqqətinizə çatdıraq.

Strategiyaya görə, hazırda dövlət məşğulluq idarələrinə müraciət edənlərin işədüzəlmə səviyyəsi 40 faizdir, 2030-cu ilə qədər bu rəqəm 70 faizə çatdırılacaq.

3 məşğulluq orqanı var, iş yoxdur...

Hazırda ölkədə 3 məşğulluq orqanı var, amma hökumət söz verir ki, 2025-ci ilə qədər məşğulluq idarələri yeni model üzrə fəalliyyət göstərəcək, özünüməşğulluq proqramlarının əhatə dairəsi 2020-ci ilə qədər altı dəfəyə qədər artırılacaq. 2030-cu ilə qədər regional peşə tədrisi mərkəzlərinin sayı 3-dən 10-a qaldırılacaq.

Sənəddə deyilir ki, hazırda gənclər və qadınlar arasında işsizlik nisbətən yüksəkdir və hardasa 12 faiz civarındadır. 2030-cu ilə qədər bu rəqəm minimuma çatdırılacaq.

Bəs strategiyada nəzərdə tutulan bu tədbirlər işsizliyi aradan qaldırmaq üçün yetərli olacaqmı? Yoxsa hökumət bunun üçün başqa tədbirlər də görməlidir?

Hökumət 2030-cu ilə qədər işsizliyi 5 faizdən 4 faizə salmağı hədəf götürüb, strategiya hazırlayıb. Tənqidçilər isə statistikanın reallığı əks etdirmədiyini deyirlər və işsizliyi aradan qaldırmaq üçün təkliflər verirlər.

Məmur sahibkarlığına son qoyulmalıdır

Məsələn, Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, əgər hökumət doğrudan da işsizlyii azaltmaq istəyirsə, onda iqtisadiyyatı liberallaşdırsın, sahibkarlığın inkişafına mane olan amilləri – o cümlədən, korrupsiyanı, məmur sahibkarlığını aradan götürsün, onda işsizlik problemi təbii şəkildə çözüləcək:

“Statistik rəqəmlərə baxsanız görərsiniz ki, Avropa ölkələrində məşğulluğun 50-60 faizini kiçik və orta sahibkarlıq sektorları təmin edə bilər. Yəni, iqtisadiyyatda bu sahələrin payı 50 faizin üzərindədir. Amma Azərbaycanda kiçik sahibkarlığın məşğulluda payı cəmi 7 faizdir. İqtisadiyyatda is bu pay cəmi 3 faizdir. Bunun da əsas səbəbi budur ki, bazarda rəqabətli mühit formalaşdırılmayıb”.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında sorğu keçirib:

Azərbaycan iqtisadiyyatı ümumilikdə 2014-cü ilin sonundan, neftin qiyməti düşməyə başlayandan sonra pisləşməyə başlayıb, əsas iş yerlərinin olduğu dövlət tikinti layihələri əvvəlki illərə nəzərən azalıb.

Bu ilin əvvəlindən, neftin qiymətinin artması ilə cüzi iqtisadi artım müşahidə olunsa da, iqtisadiyyat üç il əvvəlki göstəricilərinə hələ də qayıtmayıb.

AzadlıqRadiosu

XS
SM
MD
LG