Accessibility links

Ekspertlər: Münaqişədə “post danışıqlar dövrü başlayıb” və “vasitəçilərdən imtina edilməlidir”


Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakyanın sentyabrın 23-də Nyu Yorkda keçirilən görüşünü ekspertlər Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində atılan müsbət addım kimi təhlil etmir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək, bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılıb.

Fərid Şəfiyev
Fərid Şəfiyev

Fərid Şəfiyev: Ermənistan tərəfi danışıqlar yolu ilə işğal olunmuş əraziləri azad etməyəcək

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, xarici işlər nazirlərinin görüşü artıq formal xarakter daşıyır və "post danışıqlar dövrü"nə qədəm qoyulub.

“Biz artıq `post danışıqlar dövrü`nə qədəm qoymuşuq. Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın son bir neçə ayda səsləndirdiyi radikal və populist açıqlamalar fonunda gözlənilən idi. Sentyabrın 22-də, yəni, planlaşdırılan danışıqlar ərəfəsində azərbaycanlı hərbçinin təmas xəttində öldürülməsi belə bir təəssürat yaradır ki, erməni rəhbərliyi bütün gücü ilə genişmiqyaslı hərbi toqquşmanın baş verməsinə can atır.”

Erməni rəhbərliyi bütün gücü ilə genişmiqyaslı hərbi toqquşmanın baş verməsinə can atır.
Fərid Şəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri


Şəfiyevin fikrincə, Ermənistanda dərin daxili siyasi böhran davam edir.

“İnqilab”a verilən kredit tükənib,” o qeyd edib.

Politoloq sual edir - “Post-danışıqlar dövrü” nə ilə nəticələnə bilər?

“Həqiqi vəziyyət də ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlar yolu ilə işğal olunmuş əraziləri azad etməyəcək. Bu həqiqəti demək lazımdır,” o qeyd edir.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov: Azərbaycan tərəfi danışıqlara qatılmamalıdır

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov nazirlərin görüşündən hər hansı nəticə gözləmir.

“Məntiq də ondan ibarətdir ki, müzakirə olunan məsələlər elan olunmur. Danışıqların hansı mövzularda aparılacağı deyilmir. Yaddaşda qalan və ciddi siyasi əks-səda yaradan Paşinyanın bəyanatlarıdır. İstər-istəməz belə bir təəssürat yaranır ki, Azərbaycan verilən bəyanatlar çərçivəsində danışıqlar aparmağa hazırdır. Yəni Paşinyanın bəyanatlarını qəbul edir. Bu, bizim mövqeyimizə ciddi ziyan vurur. Azərbaycan tərəfi bu danışıqlara qatılmamalıdır”.

Azərbaycan vasitəçilik üçün ATƏT-ə müraciət edib. Amma bu vasitəçilik heç bir ciddi nəticə vermir.
Tofiq Zülfüqarov, keçmiş xarici işlər naziri


T.Zülfüqarov bildirib ki, erməni tərəfi danışıqları demək olar teatra çevirib.

“Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal edəndən sonra BMT-nin qətnamələri qəbul olundu. Amma bunlar nəticəsiz qalıb. İkincisi isə, Azərbaycan vasitəçilik üçün ATƏT-ə müraciət edib. Amma bu vasitəçilik heç bir ciddi nəticə vermir. Bu mövzunu ciddi şəkildə qaldırmaq lazımdır. Və açıq şəkildə vasitəçilərdən imtina edilməlidir,” Zülfüqarov facebook səhifəsində qeyd edib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

ATƏT-in Minsk qrupu - bayraqlar
ATƏT-in Minsk qrupu - bayraqlar

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Şərhlərə bax

XS
SM
MD
LG