Accessibility links

Ekspertlər Xəzərdə təhlükəsizlik üzrə müqavilə layihəsini müzakirə edir


Ekspertlər Xəzərdə təhlükəsizlik üzrə müqavilə layihəsini müzakirə edir
Ekspertlər Xəzərdə təhlükəsizlik üzrə müqavilə layihəsini müzakirə edir

Ekspertlər Xəzərdə təhlükəsizlik üzrə müqavilə layihəsini müzakirə edir Tehran görüşündə dəniz milli sektorları rejiminin eninin müəyyən edilməsi üzrə müəyyən tərəqqi əldə edilib

Xəzəryanı ölkələrin Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində ekspert qrupları sahilyanı dövlət başçılarının noyabrın 18-də Bakıda keçiriləcək Sammiti ilə bağlı növbəti toplantı keçirib.

Xəzəryanı dövlət başçılarının Sammitinə iki sənədin layihəsinin təqdim ediləcəyi gözlənilir: Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq Müqaviləsi və prezidentlərin birgə Bəyannaməsi.

Hər iki sənəd bu gün Bakıda keçirilən toplantıda müzakirə edilib.

Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq müqaviləsinin hazırlanması ilə bağlı Xəzəryanı dövlət başçılarının 2007-ci ildə Tehranda keçirilən görüşündə razılıq əldə edilib. Sənədi Azərbaycan tərəfi hazırlayıb və indiyədək ekspert qruplarının beş görüşü keçirilib.

Müqavilə layihəsi 14 maddədən ibarətdir, - Xəzərdə təhlükəsizliyin təminatı mexanizminin formalaşdırılmasını, terrorizm və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələrə və nüvə texnologiyalarına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni, fövqəladə halların ləğvini əhatə edir. Təhlükəsizliyin hərbi aspektləri bu sazişin predmeti sayılmır.
Müqavilə iştirakçıları sənədin reallaşmasında iştirak edəcək səlahiyyətli orqanları təyin edəcək, işgüzar əlaqələr quracaq, informasiya mübadiləsi aparacaq. Mübahisəli məsələlər tərəflər arasında danışıqlar və məsləhətləşmələr vasitəsilə həll ediləcək. Sənəd neft-qaz resursları və boru kəmərlərinin çəkilişi məsələlərini də əhatə etmir.

Bu gün ekspertlərin Bakı görüşündən öncə Rusiya prezidentinin MDB üzvü olan həmsərhəd ölkələrlə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin bildirib ki, əgər təhlükəsizlik üzrə müqavilə imzalanarsa, bu, Xəzərdə qarşılıqlı əlaqənin hüquqi əsaslarını müəyyən edən ikinci vacib sənəd olacaq. “Təhlükəsizlik üzrə müqavilə imzalanarsa Xəzərdə təhlükəsizliyin təmin edilməsinin gerçək mexanizmləri, hər şeydən əvvəl, yeni təhlükələrlə mübarizə imkanları yaranar. Əvvəllər dəniz mühitinin mühafizəsi məsələləri üzrə çərçivə sazişi imzalanıb. İndi birbaşa təsir normalarını müəyyən edən protokollar hazırlanır. Biz, bu konvensiyanın potensialından da daha səmərəli istifadə edib, həm də Xəzərdə ekoloji təhlükələrlə daha fəal mübarizə apara bilərik”.
O Xəzərin hüquqi statusu məsələsindən də danışıb. Cənab Qolovin deyib ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu müqavilə layihəsi üzərində işləri davam etdirir və noyabrın 9-10-da Tehran görüşündən sonra xüsusən dəniz milli sektorları rejiminin eninin müəyyən edilməsi üzrə müəyyən tərəqqi əldə edilib. “Biz həmçinin dəniz dibinin bölünməsi, hərbi fəaliyyət prinsiplərinin anlaşılması və Xəzər dənizində əməkdaşlığın başqa sahələri üzrə mövqeləri yaxınlaşdırmışıq”.
O “Təhlükəsizlik üzrə müqavilə layihəsi razılaşdırılıbmı?” sualına cavabda “müqavilənin texniki hissəsinə hazırlıq gedir, prinsipial qərarları isə prezidentlər verəcək”, - deməklə kifayətlənib.

Müstəqil ekspertlər təhlükəsizlik məsələləri və Xəzərin hüquqi statusu üzrə sənədin razılaşdırılacağına inanmır. Xəzər Gələcək Naminə Tərəfdaşlıq Mərkəzinin rəhbəri, dəniz hüququ üzrə ekspert Rüstəm Məmmədov “Amerikanın səsi radiosuna bildirib ki, tərəflər Sazişin əsas prinsipləri üzrə razılığa gələ bilmir. “Bunlar suverenlik, hərbi məsələlər, dənizin dibinin bölgüsüdür”.

Ekspert İran tərəfinin mövqeyini qeyri-müəyyən sayır. Onun fikrincə, İran sazişin imzalanmasını istəmir və vaxt udmağa çalışır. “İran dənizin 20 faizi bizim olmalıdır, deyib durur. Bu isə qəbuledilməzdir”.

XS
SM
MD
LG