Accessibility links

Ekvador Culian Assanja sığınacaq verdi


WikiLeaks saytının təsisçisi haqda qərar Britaniya və Ekvador arasında diplomatik gərginliyi artırıb

Ekvador iki ay öncə bu ölkənin Londondakı səfirliyinə pənah aparmış “WikiLeaks” saytının qurucusu Culian Assanja sığınacaq verib.

Ekvadorun xarici işlər naziri Rikardo Pantinonun açıqladığı qərar Britaniya və Ekvador arasında diplomatik gərginliyin artmasına səbəb olub.

Ekvador rəsmiləri Britaniyanı səfirlik işçilərini təhdid etməkdə təqsirləndiriblər. Britaniya səfirliyin diplomatik statusunu ləğv edəcək qanun qəbul edəcəyi barədə xəbərdarlıq verib.

İyun ayının sonundan bəri Ekvador səfirliyində qalan Assanj seksual təcavüzlə bağlı ittihamlarla üzləşdiyi İsveçə ekstradisiya olunmaqdan yayınır. O, İsveçdə qaldırılan iddiaları rədd edir.

Britaniya Assanjı İsveçə təhvil verməkdə məsul olduğunu bildirərək onun ölkəni təhlükəsiz tərk etməsinə imkan verməyəcəyini deyir.

Bu gün Ekvador səfirliyinin qarşısında etiraz şüarları səsləndirən Assanjın tərəfdarları Britaniya polisi ilə çəkişiblər. Ən azı üç etirazçı həbs olunub.

Assanj 2010-cu ildə İraq və Əfqanıstandakı müharibələrlə bağlı ABŞ Dövlət Departamentinin məxfi diplomatik teleqramları da daxil olmaqla Birləşmiş Ştatların yüz minlərlə məxfi sənədlərini yaydığı üçün İsveçin onu Birləşmiş Ştatlara təhvil verəcəyindən qorxur.
XS
SM
MD
LG