Accessibility links

Elçin Həsənzadə: "Korrupsiya faktını yaydığıma görə həbs olunmuşam"


Elçin Həsənzadə

“Mənim əsas problemim haqsızlığa məruz qalmağımdır. Korrupsiya faktlarını çəkib yaydığıma görə həbs olunmuşam.”

Bu barədə bloger Elçin Həsənzadə hazırda müalicə olunduğu Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən zəng edərək Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:02:04 0:00

Elçin Həsənzadə ürəyində, böyrəklərində və beynində problemlər yarandığını deyib.

Hüquq müdafiəçisi müalicə müəssisəsində ona yaxşı münasibət olduğunu bildirib.

“Hazırda qəbul şöbəsində müayinə olunuram. Çox yəqin ki, yaxın günlərdə müalicə üçün palataya yerləşdiriləcəm,” o qeyd edib.

Həsənzadə fikirlərinin ölkə başçısına, beynəlxalq qurumlara, mediaya çatdırılmasını xahiş edib.

“Mən haqsızlığa məruz qalmışam. Demişdiniz ki, siz bizim görən gözümüzsünüz. Haqsızlığı, əsasən də korrupsiyanı ifşa edin. Mən də korrupsiyanı çəkib göstərmişəm. Ona görə məni həbs ediblər. Mən statusumda “iribuynuzlu məmur” yazmışam, bunu təhqir hesab edib 8 ay həbs veriblər. Ölkə rəhbərlərini, beynəlxalq təşkilatları mənim azadlığım üçün çalışmağa çağırıram,” o qeyd edib.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi hakim Rəfael Əliyevin sədrliyi ilə blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu 8 ay həbsə məhkum edib. Hər iki bloger məhkəmə zalında həbs edilib.

Blogerlər barəsində 2020-ci ilin iyununda Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb.

Hər iki bloger məhkəmənin hökmünü sifarişli hesab edib və tənqidi fikirlərinin boğulmasına yönəldildiyini bildirib.

Blogerlər və qarşı tərəf məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi hər iki blogeri həbsə məhkum edib.

Blogerin kassasiya şikayətinə Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq. Ali Məhkəmədən Amerikanın Səsinə bildiriblər ki, məhkəmə baxışının vaxtı hələ təyin edilməyib.

Şərhlərə bax

XS
SM
MD
LG