Accessibility links

Elçin Quliyevin hökmü qüvvədə qaldı


Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyevin 10 il 6 aylıq həbsi, rütbəsinin və bir çox əmlaklarının alınması barədə hökm qüvvəyə mindi.

Aprelin 19-da Bakı Apellyasiya Məhkəməsində Elçin Quliyev və vaxtilə onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin şikayətləri üzrə qərar açıqlanıb.

Hakim Sahibxan Mirzəyev elan edib ki, sabiq MTN-çilərin apellyasiya şikayətləri təmin olunmur, onların haqqında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılır.

Qərar elan edilməmişdən əvvəl vəkillər danışıb. Onlar məhkəmədən hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

“Elçin Quliyev xidmətlərinə görə dəfələrlə təltif edilib, Milli Qəhrəman statusu alıb. Sonradan isə heç bir əsaslı səbəb olmadan ağır cinayətlərdə ittiham edilib. Bu ittihamların da heç bir əsası yoxdur”, - Elçin Quliyevin vəkili Ziyad Əliyev çıxışında deyib.

Keçmiş MTN-çilərlə yanaşı, zərərçəkmişlər də hökmdən narazı qalıblar. Zərərçəkmişlərdən Mətləb Mistafayev məhkəmədə bildirib ki, o, Elçin Quliyev və onun müavini, həbsindən iki ay sonra istintaq təcridxanasında intihar etmiş İlqar Əliyevin göstərişi ilə həbs edilib: “Mənim həbsimdən sonra MTN polkovniki olan qardaşım Malik 3 saata yaxın nazirlikdə olub – təxminən 20 dəqiqə mənimlə görüşdə, qalan vaxt isə Elçin Quliyevin qəbulunda. Qardaşım Elçin Quliyevin təzyiqinə görə intihar edib. İntihar etməsəydi, mənim kimi, onu da şərləyib tutacaqdılar”.

Zərərçəkmiş özünün həbsi və qardaşının ölümündə keçmiş nazir Eldar Mahmudov və MTN-in İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin də günahkar olduğunu söyləyib: “Dəfələrlə onların dindirilməsini istəmişəm. Bu iki şəxs də həbs edilməlidir”.

Mətləb Mustafayev çıxışının sonunda Elçin Quliyevin yox, amma A.Mehdiyevin şikayətinin təmin edilməsini istəyib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, quldurluq, hədə-qorxu ilə tələb etmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

Amma keçmiş MTN-çilərin heç biri özünü təqsirli bilmir. Onlar apellyasiya şikayətlərində bəraət və üzərinə həbs qoyulmuş əmlaklarının geri qaytarılmasını istəyirdilər.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb

XS
SM
MD
LG