Accessibility links

Elçin Behbudov: 2010-cu ildə 169 işgəncə faktı qeydə alınıb


Elçin Behbudov: 2010-cu ildə 169 işgəncə faktı qeydə alınıb
Elçin Behbudov: 2010-cu ildə 169 işgəncə faktı qeydə alınıb

İşgəncə halları Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin müvəqqəti saxlama təçridxanalarında, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində, Müdafiə nazirliyinin hərbi hissələrində qeydə alınıb. Son zamanlar, Nəqliyyat Departamentinin işçilərindən və məhkəmə icraçılarından şikayətlərin sayı artmaqdadır.

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə işgəncə faktlarının olduğunu deyib. Onun sözlərinə görə, işgəncələr hüquq-mühafizə orqanlarının müvəqqəti saxlama yerlərində və hərbi hissələrdə qeydə alınıb. Eyni zamanda, Nəqliyyat Departamenti əməkdaşları və məhkəmə icraçılarının insanları işgəncəyə məruz qoyması ilə bağlı da şikayətlər olub.

Sual: 2010-cu ildə ölkədə işgəncə faktları qeydə alınıbmı?

Cavab: 2010-cu ildə 169 nəfər işgəncələrə və qeyri-insani davranışa məruz qalması ilə bağlı İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə yazılı müraciət edib.

Sual: İnsanlar işgəncələrə əsasən hansı dövlət qurumlarında məruz qalıb?

Cavab: Azərbaycanın əsasən güc strukurlarında işgəncə və qeyri-insani davranış faktları qeydə alınıb. Bunlar Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin müvəqqəti saxlama yerləri, Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələri, Müdafiə nazirliyinin hərbi hissələridir. Son zamanlar, Nəqliyyat Departamentinin işçilərindən və məhkəmə icraçılarından şikayətlərin sayı artmaqdadır.

Bəziləri yazır ki, polisin saxlama kameralarında insanlar işgəncələrə məruz qalır. Bu, düzgün deyi. Polisin bütün saxlama kameralarına Daxli İşlər nazirliyinin 102-Qaynar Xətt Xidməti tərəfindən videonəzarət həyata keçirilir. İnsanlar burada olduğu bütün vaxt videolentə çəkilir.

Şikayətlərdən bəlli olur ki, işgəncələr əsasən ilkin dindirmə zamanı baş verir.

Sual: İşgəncə faktlarına hüquqi qiymət verilirmi? Bu barədə məhkəmə qərarları varmı?

Cavab: İşgəncəni sübut etmək çətin prosedurdur. Çünki, işgəncə adətən qapalı yerlərdə verilir və işgəncə verilmiş insanlar izlər itəndən sonra üzə çıxarılır.

İşgəncələrlə bağlı məhkəmə qərarları var. Ancaq, çox azdır. Yadınızdadırsa, Mingəçevirdə adam ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı həbs edilib. Bu yaxınlarda, məhkəmə prosesində Ruslan Məmmədov adlı şəxsi döymüşdülər. O da məhkəmə zalında bəraət alıb.

Sual: Bu günlərdə də Azərbaycan mediasında bir nəfərin döyülərək öldürülməsi ilə bağlı məlumatlar dərc olunub?

Cavab: Bu 1979-cu il təvəllüdlü, Bakı şəhər sakini Elvin Əsgərovdur. Yanvarın 12-dən 13-nə keçən gecə o, dostları ilə birgə restorandan çıxıb və öz aralarında mübahisə edib. Bu zaman polis müdaxilə edib, onları maşına oturtmaq istəyib. Onlar polisə tabe olmayıb və əlbəyaxa olub. Sonra bildirilir ki, Elvin qaçmaq istəyərkən yıxılıb və başı asfalta dəyib. Elvinlə birgə üç nəfər Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Polis bölməsində onun üzünün qan içində olduğunu, burnundan qan gəldiyini görüb təcili tibbi yardıma dəvət ediblər. Elvin Əsgərov 3 saylı şəhər xəstəxanasına aparılıb və orada vəfat edib.

Elvinin şəkillərini görmüşəm, ailə üzvləri ilə telefonla danışmışam, aidiyyatı dövlət orqanlarında görüşlər keçirmişəm. Aidiyyati orqanlar bildirir ki, Elvinin üstündə bıçaq olub. O üç nəfər polis əməkdaşına xəsarət yetirib. Birinin qulağını kəsib, digərinin sağ qolunun altından bıçaqla vurub, o birini isə boynundan yaralayıb. İki polis işçisinin vəziyyəti ağırdır. Elvinin ailə üzvləri bununla razılaşmır.

Hesab edirəm ki, 24-cü Polis Bölməsində Elvinə qarşı işgəncə halı olmayıb. Çünki, bütün polis bölmələrində videonəzarət var. Orada gün ərzində baş verənlər videokameralar vasitəsi ilə çəkilir. Elvin küçədə hadisə baş verən zaman polislər tərəfindən döyülüb. Onun şəkilləri var.

Sual: Fakt üzər cinayət işi başlanıbmı?

Cavab: Nizami rayon prokurorluğu cinayət işi başlayıb.Yəqin ki, məhkəmə son sözünü deyəcək. Ortada ölüm faktı var.

XS
SM
MD
LG