“Azərbaycan Saatı” televiziya proqramının İsmayıllı rayonundakı əməkdaşı Elçin İsmayıllı şərəf və ləyaqətin təhqiri ittihamı ilə məhkəməyə verilib. İddia üzrə hazırlıq iclası martın 12-nə təyin edilib. Bu barədə jurnalistin özü Amerikanın Səsinə bildirib.
“Azərbaycan Saatı” televiziya proqramı iqtidarı tənqidi verilişləri ilə tanınır. Proqramın əməkdaşı Seymur Həzi bundan öncə xuliqanlıq ittihamı ilə həbs edilib. Prodüser Xalid Qarayev inzibati qaydada 25 gün həbsdə olub. Digər əməkdaşlar Qənimət Zahid və Natiq Ədilov ölkəni tərk edib.
Elçin İsmayıllını Çernobıl Əlilləri İctimai Birliyinin İsmayıllı şöbəsinin sədri Məleykə Lətifova məhkəməyə verib. O şərəf və ləyaqətinin təhqiri ittihamı ilə maddi təzminat tələb edir.
“Lətifova iddiasında guya mənim sosial şəbəkələrdə İsmayıllı camaatını təhqir etdiyimi bildirir. Amma, mən İsmayıllı camaatı ilə bağlı sosial şəbəkələrdə status yazmamışam. Bu şikayət sadəcə jurnalist fəaliyyətimin məhdudlaşdırılmasına yönəlib. Şikayət son zamanlar “Azərbaycan Saatı” proqramında İsmayıllı sakinlərinin şikayəti əsasında hazırladığım video süjetlərdən sonra edilib”, Elçin İsmayıllı Amerikanın Səsinə bildirib.