Accessibility links

Eldar Namazov: Azərbaycan cəmiyyəti dəyişikliyə hamilədir (audio)


Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov
Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov

“Seçki yaxınlaşdıqca hakimiyyət daha aqressiv, daha sərt, daha anlaşılmaz addımlar atır. Hakimiyyətin addımları daha çox xaotik, isterik, həyəcanlı olur”, o bildirib.

Ziyalılar Forumunun təsisçilərindən olan Eldar Namazov Amerikanın Səsi radiosuna müsahibəsində son zamanlar Ziyalılar Forumuna təzyiqlər və Rusiyada təsis edilmiş “Milyarderlər İttifaqı”ndan danışıb.

Eldar Namazovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:37 0:00
Direct link

Sual: Son günlər Ziyalılar Forumuna qarşı iqtidar və hökumətyönümlü insanlar tərəfindən tənqidlər başlayıb. Bunu nə ilə izah edərdiniz?

Cavab: Bu son bir ildə Ziyalılar Forumuna qarşı hakimiyyətə yaxın mətbuat tərəfindən üçüncü və ya dördüncü kampaniyadır. Biz buna artıq təəccüb etmirik.
Ziyalılar Forumunun üzvlərinə müxtəlif təzyiqlər edilir.

Rüstəm İbrahimbəyovun layihələrini dayandırıblar, onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına alternativ bir təşkilat yaradıblar. Vaxtı ilə Rafiq Əliyevi kafedra müdirliyindən azad etdilər. Təzyiqlərin çoxunu ictimailəşdirmirik, öz aramızda müzakirə edirik. Belə təzyiq kampaniyaları daim var.

Son hadisələr yəqin ki, Rüstəm İbrahimbəyovun son günlər mediada yayılan maraqlı müsahibələri ilə bağlıdır. Digər tərəfdən qarşıdan prezident seçkiləri gəlir. Getdikcə hakimiyyətin addımları daha çox xaotik, isterik, həyəcanlı olur. Hətta mən deyərdim ki, həm qanunvericilik sahəsində, həm beynəlxalq təşkilatlarla münasibətlərdə, həm də Azərbaycanın daxilində siyasi partiyalarla, ziyalılarla bağlı hakimiyyətin addımları aqressivləşir. Digər tərəfdən isə daha da məntiqdən uzaqlaşır və Azərbaycanın daxilində vəziyyəti daha da gərginləşdirir.

Sual: Son günlər iqtidarın Moskvada yaranmış “Milyarderlər İttifaqı” ilə bağlı münasibəti daha da kəskinləşib. Ziyalılar Forumunun bu təşkilatla münasibəti necədir?

Cavab: Hələlik hansısa ümumi münasibətlərdən danışmaq düzgün deyil. Ona görə ki, o təşkilat hələ yalnız elan olunub, heç bir fəaliyyəti yoxdur. İkincisi, bu qurum yəqin ki, Rusiya çərçivəsində bir diaspor təşkilatı kimi fəaliyyət göstərəcək. Ziyalılar Forumu isə Azərbaycanın ictimai qurumudur, ziyalıları birləşdirən bir qurumdur. Sadəcə olaraq Rüstəm İbrahimbəyov həm Ziyalılar Forumunun sədridir, həm də Rusiya yaradılan təşkilatda təmsil olunur. Buna da təbii baxmaq lazımdır. Ona görə ki, Rüstəm İbrahimbəyovun təkcə Azərbaycanda, Rusiyada deyil, Avropa və Amerikada nüfuzlu şuraların üzvüdür.

Sual: Dünən parlamentin plenar iclasına “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı layihə təqdim edilib. Sənəddə xaricdən siyasi partiyaların maliyyələşdirilməsini qadağan edən maddə sərtləşdirilib. Bu “Milyarderlər İttifaqının” yaradılmasından bir qədər sonraya təsadüf edir. Siz burada bir bağlılıq görmürsünüz?

Cavab: Güman etmirəm burada birbaşa bağlılıq var. Ona görə ki, Moskvada yaradılmış “Milyarderlər klubu”nun Azərbaycana, buradakı vətəndaşlara qrant ayırmaq səlahiyyəti yoxdur. Onlar Rusiyada yaşayan azərbaycanlılara qrant ayıra bilər. Çünki onların vəzifəsi Rusiyada yaşayan azərbaycanlılara dəstək verməkdir.

Hesab edirəm ki, sizin dediyiniz qanuna dəyişiklik daha çox Avropada və Amerikada fəaliyyət göstərən fondlara qarşıdır, onların Azərbaycanın vətəndaş cəmiyyətləri ilə qurduğu əlaqələri kəsmək məqsədi daşıyır.

Seçki yaxınlaşdıqca hakimiyyət daha aqressiv, daha sərt, daha anlaşılmaz addımlar atır.

Sual: Ziyalılar Forumunun prezidentliyə namizədi olacaqmı, yaxud hansısa namizədi dəstəkləyəcəkmi və ya Eldar Namazov prezidentliyə namizəd olacaqmı?

Cavab: Biz dəfələrlə öz fikrimizi bildirmişik ki, Ziyalılar Forumu siyasi partiya, siyasi hərəkat deyil. Onun məqsədi hansısa hakimiyyəti yıxmaq, hakimiyyətə gəlmək deyil. Ancaq, medalın ikinci üzü də var, hər bir Azərbaycan vətəndaşı kimi ziyalılar da həm seçmək, həm də seçilmək hüququna malikdir. O hüququ da onların əlindən heç kim almır.

Sual: Siz necə, prezidentliyə namizədliyinizi irəli sürəcəksiniz?

Cavab: Ziyalılar Forumunda dəflərlə öz fikrimizi bildirmişik. Biz hesab etmirik ki, hansısa bir adamın ətrafında, bir adamın bayrağı altında birləşib Azərbaycanda dəyişiklik etmək olar. Biz daha çox düşünürük ki, Azərbaycanda dəyişiklik etmək üçün cəmiyyətlə və aparıcı qüvvələrlə geniş bir konsensus lazımdır. Biz demokratiyaya keçidi əvvəldən düşünülmüş bir strategiya əsasında qurmalıyıq. Belə bir komanda olsa, cəmiyyət ona inansa, daha onların içərisindən kim isə seçkilərdə vahid namizəd kimi çıxış edəcəksə, bu o qədər də önəmli məsələ deyil.

Sual: Fikrinizcə indiki siyasi situasiya ölkədə prezident seçkiləri öncəsi demokratikləşmənin dərinləşməsinə təkan verəcəkmi? Amma, parlament son zamanlar daha çox qadağanedici, cərimələrin artırılması ilə bağlı qanunvericilik aktlarının qəbuluna üstünlük verir.

Cavab: Hiss olunur. Hiss olunur ki, Azərbaycan cəmiyyətində çox ciddi canlanma başlayıb. Azərbaycan cəmiyyəti elə bil ki, dəyişikliyə hamilədir. Cəmiyyət istəyir ki, ölkədə mühit, durum, aparılan siyasət dəyişsin. Cəmiyyət buna hamilədir. Bunu yəqin ki, hakimiyyət də hiss edir. Məhz ona görə də çalışır bütün sahələrdə, mətbuatla, siyasi partiyalarla, ziyalılarla bağlı ya aqressiv münasibət bəsləsin, ya bunları sıxsın, ya da qanunvericiliklə bunların fəaliyyətini məhdudlaşdırsın.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG