Accessibility links

Elgiz Qəhrəman: Bayram Məmmədovun ölümü "şübhəli ölüm" kimi qeydə alınıb


Bayram Məmmədov. [Photo by : Pervane Bayramova]
Bayram Məmmədov. [Photo by : Pervane Bayramova]

Türkiyə polisi gənc ictimai fəal Bayram Məmmədovun ölümünün araşdırılması üçün bürokratik əngəllər yaradır.

Bu barədə mayın 7-də günün ikinci yarısında İstanbulda olan NİDA Hərəkatının fəalı Elgiz Qəhrəman Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, bu gün səhər Bayram Məmmədovun atası Fərman Məmmədov, onun bir qrup dostu və onların cəlb etdiyi vəkil İstanbulun Kadıköy rayonunda İskələ polis bölməsinə gediblər.

“Bizə əvvəlcə dedilər, müstəntiqlə əlaqə saxlaya bilmirik. Sonra dedilər əlaqə saxladıq, 5 dəqiqə sonra gedirik İstanbul Adli Tıp Mərkəzinin morquna. Amma sonra dedilər ki, indi də Adli Tıp Mərkəziylə əlaqə saxlaya bilmirik, hansı sənədləri aparmalıyıq bilmirik. Nəhayət bizi 2 saat gözlədəndən sonra Fərman əmi, mən və 1 vəkili morqa gətirdilər. Artıq 1 saata yaxındı morqdayıq, indi də deyirlər morqda günorta fasiləsidi, gözləməlisiniz. Mən artıq 3 gündür Bayramın cənazəsini görə bilmirəm, neçə gündür fərqli bəhanələrlə bizi yubadırlar. 15-20 dəqiqə Fərman əmi, mən və bir vəkil Bayramı teşhis etmək üçün içəri girəcəyik. Burdan öyrəndiyim sadəcə o oldu ki, Bayramın ölümü "şübhəli ölüm" kimi qeydə alınıb və istintaq uzun davam edə bilər."

Daha sonra Elgiz Qəhrəman bildirib ki, onları Ekspertiza Mərkəzinin morquna göndəriblər. Orada bir saat yarım oturduqdan sonra onları içəri buraxıblar və Bayramın cəsədini görmək mümkün olub.

Elgiz Qəhrəmanın sözlərinə görə, polis bildirib ki, müstəntiq hadisənin baş verdiyi gün Bayramın hərəkət etdiyi yollarda müşahidə kameralarının qeydlərini araşdırır.

Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazdıqdan sonra 2016-cı ildə həbs edilən siyasi fəal Bayram Məmmədovun Türkiyədə vəfat etməsi barədə mayın 5-də xəbərlər yayılıb.

Yayılan xəbərləri Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib.

Hazırda Türkiyədə Bayram Məmmədovun ölümü ilə bağlı polislə əlaqə saxlayan Elgiz Qəhrəman Amerikanın Səsinə araşdırma aparıldığını bildirib.

Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG