Accessibility links

Əli Həsənov təzyiqlərə cavab verdi


 Əli Həsənov
Əli Həsənov

“ABŞ səfiri müxalifətə deyir ki, iqtidara bunları dedik, etmədi… Bəzi dövlətlər 1991-1993-cü illərdəki ab-havanı istəyir…”

Azərbaycan dövlətinin müstəqil siyasəti xalqımızın iradəsi və milli maraqları üzərində qurulub. Biz müstəqillikdən sağa-sola bir addım çəkildikdə, deməli, dövlətimizin maraqlarını haradasa qurban vermiş oluruq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkil etdiyi "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda seminarda çıxışı zamanı deyib.

PA rəsmisinin sözlərinə görə, müxalifət deyir ki, ABŞ-ın dediyini niyə etmirsiniz?: "ABŞ səfiri müxalifəti bir yerə yığır və deyir ki, biz iqtidara bunları dedik, iqtidar etmədi. Dərhal ondan bizə qarşı istifadə edirlər".

Bəzi dövlətlərin Azərbaycandan tələbləri məsələsinə toxunan PA rəsmisi deyib: "Azərbaycan Xəzərdə enerji resurslarını çıxarıb, xaricə satıb, dövlətimizin ehtiyaclarını ödəməkdən başqa, həm də Qazaxıstan, Türkmənistan neftini Xəzər üzərindən daşıyıb xaricə aparır. Azərbaycan burada tranzit funksiyasını yerinə yetirir. Bu tranzitdən Azərbaycan orta hesabla 1 milyard dollara qədər pul qazanır. Bəzi dövlətlər bizə opponentlik edib, ölkəmizin əleyhinə gedirlər ki, həmin tranziti özləri həyata keçirsinlər. Azərbaycan xalqı nə etməlidir? Onların fikrincə, biz əkinçiliklə məşğul olmalıyıq. Bu daşınma isə onların olmalıdır. Deməli, onun marağını təmin etdiksə, Azərbaycanın marağından bir addım çəkildik".

Həsənov bildirib ki, bəzi dövlətlər Azərbaycana qoşun yerləşdirmək istəyindədirlər: "Biz isə deyirik ki, sənin bu istəyin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, yaxud da gələcəkdə pozulmasının qarşısını alacaq. Deyirlər ki, biz o məsələyə qarışmırıq. Onda niyə hansısa xarici ölkəyə öz ərazimi qoşun saxlamaq üçün verməliyəm? Bəzi dövlətlər deyir ki, Bakı-Tbilisi- Ceyhan neft kəməri yetərli deyil, indi TANAP çəkirik. Niyə? Çünki onun burada tranzit maraqları var. Hesab edin ki, biz öz pulumuzu ona verməliyik".

PA rəsmisinin sözlərinə görə, bəzi dövlətlər Azərbaycanda 1991-1993-cü illərdəki ab-havanı istəyirlər: "Kim harada, necə, nə cür istəyir, toplaşsın, mitinq keçirsin, yolu bağlasın, mağazalara hücum etsin. Belə cəmiyyət istəyirlər. Niyə deyirlər ki, Azərbaycandakı demokratiya bizi qane etmir? Çünki biz məsuliyyətli demokratiya tələb edirik. Biz deyirik ki, insan hüquqlarının balansı olmalıdır. Bir insanın hüququ başlayan yerdə, digərinin hüququ bitir. Balans hakimiyyətin əlindəki idarəçilik resursudur. Əgər bir qrup insanın istirahət etdiyi yerdə başqa bir qrup insan mitinq keçirmək istəyirsə, mütləq onun balansı tapılmalıdır. O yerdə mitinq keçirilməlidir ki, orada insanların istirahət hüququ pozulmur. Yaxud da bir insanın fərdi arzusu ictimai arzudan üstün tutulmamalıdır. İlham Əliyevin daxili siyasətinə, demokratiyaya, siyasi plüralizm məsələlərinə onların iradı bundan ibarətdir".
XS
SM
MD
LG