Accessibility links

Əli Kərimli: Tarix sübut edib ki, heç bir rejim son illərində etdiyi cəhdlərlə iflasının qarşısını ala bilməyib [Audio]


Əli Kərimli: 2012-ci il çətin, dinamik və ümidverici bir ildir
Əli Kərimli: 2012-ci il çətin, dinamik və ümidverici bir ildir

“Azərbaycan hakimiyyəti başqa avtoritar, totalitar sistemlər kimi təhlükə qarşısında adamları sıxır, rejimi sərtləşdirir”. “Hökumət cərimələri sərtləşdirməklə cəmiyyəti özünə qarşı çevirir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində parlamentin “Sərbəst toplaşmaq azadlığı haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanunu qəbul etməsini kəskin tənqid edib. Parlament icazəsiz aksiyaların təşkilinə və iştiraka görə cərimələri azı 30 dəfə artırıb.

AXCP sədri Əli Kərimli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:52 0:00
Direct link

Sual: Parlament bu gün icazəsiz aksiyalara görə cərimələri on dəfələrlə artırıb. Necə qiymətləndirirsiniz?

Cavab: Onsuz da Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun tətbiq olunmurdu. Azərbaycanda uzun müddətdir ki, ümumiyyətlə sərbəst toplaşmaq azadlığı yoxdur. Çox təəssüf ki, buna görə hər zaman dünyanın demokratik kəsiminin qınaq obyektidir.

Amma, indi belə məlum olur ki, Azərbaycan hökuməti fəaliyyətinin elə bir mərhələsinə qədəm qoyub ki, onların xalqdan qorxusu daha da artıb. Azərbaycan hakimiyyətinə nəyə görəsə elə gəlir ki, yaxın zamanlarda məhz kütləvi xalq etirazları gözlənilir. Bundan qorxduğuna görə sərt üsulları tətbiq etməklə, məhdudiyyətləri artırmaqla, sanksiyaları sərtləşdirməklə insanların kütləvi aksiyalarda iştirakının qarşısını almağa hazırlaşır. Belə məlum olur ki, Azərbaycan hakimiyyəti xalqın hökumətə olan neqativ münasibətini bilir. Belə məlum olur ki, Azərbaycan hökuməti fərqindədir ki, bu hakimiyyət artıq dünya birliyindən özünü təcrid edib. Məhz yarıtmaz siyasət nəticəsində ölkənin daxilində, həm də beynəlxalq aləmdə bütün dayaqlarını itirib. Hakimiyyət qorxu içərisindədir. Hər yerdən zərbə gözləyir. Hökumətin içərisindən, ailənin içərisindən, bütün xarici ölkələrdən, siyasi qüvvələrdən, ayrı-ayrı təbəqələrdən, gənclərdən, ənənəvi müxalifətdən, ziyalılardan, hər yerdən özünə təhlükə gözləyir.

Azərbaycan hökuməti hesab edir ki, həddindən artıq narazı olan azərbaycanlıların daha kütləvi şəkildə meydanlara çıxması da zaman məsələsidir. Ona görə də öz aləmlərində başqa avtoritar, totalitar sistemlər kimi təhlükə qarşısında adamları sıxır, rejimi sərtləşdirirlər. Amma, dünya tarixi sübut edir ki, hələ heç bir rejim süqutunun son illərində rejimi möhkəmləndirməyə edilən cəhdlərlə iflasının qarşısını ala bilməyib.

Ona görə də hesab edirəm ki, bu gün Azərbaycan parlamentində insanların sərbəst şəkildə toplaşmasına belə ağlasığmaz cərimələr müəyyənləşsə də, bu o demək deyil ki, azərbaycanlılar daha etiraz etməyəcək. Əksinə, ola bilsin ki, indiyədək az sayda insanlar etiraz edirdi, indi ola bilər kütləvi etiraz aksiyalarının sayı az olar, amma onlar daha kütləvi olar. İnsanlar çalışacaq ki, aksiyalarda daha kütləvi şəkildə iştirak etsin, arzuladıqları nəticəyə daha tez nail olsunlar ki, həmin o ağılasığmaz cərimələri ödəmək məcburiyyətində qalmasınlar.

Sual: Buna qarşı müxalifət, İctimai Palata hansı tədbirlər həyata keçirəcək? Bu gün İctimai Palata etiraz aksiyası təyin etmişdi, amma o qədər də çox adam cəlb edilməmişdi.

Cavab: Bu gün piket təyin edilmişdi, mitinq aksiyası deyildi. Azərbaycan qanunvericiliyinə görə, piket 50 nəfərin iştirakı ilə keçirilməlidir və otuzdan artıq adam saxlanılıb. Siz özünüz də müşahidə etdiniz ki, müxtəlif istiqamətlərdə toplaşan adamlar piket üçün tələb olunan saydan artıq olub. Burada məqsəd belə bir ağır hava şəraitində etirazı ifadə etmək idi. Bizim etirazlarımız yenə də davam edəcək. Həm kütləvi etiraz aksiyaları formasında, həm beynəlxalq təşkilatlarla iş formasında səylərimiz davam etdirəcəyik. Mənə elə gəlir ki, ümumiyyətlə Azərbaycan hökumətinin bu addımı daha çox insanı özünə qarşı çevirəcək. Bu addım səhv addımdır. Bu addım həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq aləmin gözündə hökuməti daha da salacaq.

Sual: Azərbaycan müxalifəti paytaxt Bakının mərkəzində etiraz aksiyaları keçirmək istəyir, hökumət isə yalnız və yalnız “20-ci sahə”dəki stadionu göstərir. Belə olan halda münasibətlər sistemi necə həllini tapmalıdır.?

Cavab: Azərbaycan hökuməti özünü mədəni xalqlarla bərabər aparmalıdır. Bir halda ki, biz Avropa Şurasının üzvüyük, onda Avropa standartlarına uyğun fəaliyyət göstərməliyik. Azərbaycan Avropa Şurası ölkələri arasında sərbəst toplaşmaq azadlığını yerinə yetirməyən tək ölkədir. Hətta, Belorusda da Azərbaycanla müqayisədə sərbəst toplaşmaq azadlığı təmin olunur. Mən Rusiya və Ermənistanı demirəm. Belə qeyri-demokratik ölkələrdə də sərbəst toplaşmaq azadlığı xeyli təmin olunur.

Azərbaycan bu siyahıda uzun müddət tək qala bilməz, dəyişikliklər olmalıdır. Azərbaycan hakimiyyəti xalqın etirazlarına şərait yaratmalıdır. Mən hesab edirəm ki, buna məcbur olacaq.

Sual: Parlamentin qərarı prezident seçkilərinə bir ildən də az vaxt qalmış bir zamana təsadüf edir. Necə hesab edirsiniz, prezident seçkiləri dövründə qanunvericiliyə uyğun olaraq sərbəst toplaşmaq azadlığını reallaşdırmaq mümkün olacaqmı?

Cavab: Bu qərarın qəbulu İlham Əliyevin seçki strategiyasını ortaya qoyur. Yəni stavka xalqın rəğbətini qazanmağa deyil, xalqın gerçək səslərini almağa deyil, stavka xalqı reallıqlarla barışmağa, status-kvonu zorla qoruyub saxlamağadır. Bu artıq strategiyanı müəyyənləşdirir.

Ona görə də bizim tərəfimizdən də aydın bir strategiya ortaya qoyulmalıdır. Neçə ay bundan qabaq mən İctimai Palatadakı çıxışlarımın birində ifadə etmişdim ki, bu şərtlər altında konkret kimlərinsə namizədliyi ətrafında təbliğat aparmağa, namizədlər irəli sürməyə ehtiyac yoxdur. İndi hamını birləşdirmək lazımdır ki, seçki prosesinin özünü Azərbaycan hökumətinin nəzarətindən çıxaraq. Seçki islahatı olmalıdır, sərbəst toplaşmaq azadlığı olmalıdır. Ən əsası siyasi meydan olmalıdır. Bu gün siyasi meydan yoxdur və siyasi meydan uğrunda biz hamımız birgə mübarizə aparmalıyıq. İctimai Palata bu istiqamətdə addımlar atmaqdadır və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG