Accessibility links

AXCP sədrinin Fairmont otelində avropalı deputatlarla görüşünə imkan verilməyib


AXCP sədri Əli Kərimli avropalı deputatlarla görüşüb
AXCP sədri Əli Kərimli avropalı deputatlarla görüşüb

Avropalı deputatlar Kərimli ilə kafelərində birində görüşməli olub

İyunun 30-da müxalifətdə olan AXCP sədri Əli Kərimlinin ATƏT Parlament Assambleyasının illik sessiyasının keçirildiyi Fairmont otelində avropalı deputatlarla görüşünə imkan verilməyib. AXCP sədri ilə otelin foyesində keçirilən görüş dayandırılıb və onun oteli tərk etməsi tələb edilib. Görüş başqa yerdə, kafelərin birində baş tutub.

AXCP sədri bu barədə öz Facebook səhifəsində aşağıdakıları yazıb:

“Bu gün İlham Əliyev daha bir ilkə imza atdı. Bildiyiniz kimi, ATƏT Parlament Assambleyasının iclasları Bakıda - onun ailəsinə məxsus olan Fairmont otelində (“Alov qüllələri”ndə) keçirilir. Parlament Assambleyasının bir neçə üzvü mənimlə görüşmək istəmişdilər. Bu məqsədlə məni onların tədbirinin keçirildiyi Fairmont otelinə dəvət etmişdilər. Ölkəmizə növbəti utanc gətirəcək hadisə də orada baş verdi.

Təhlükəsizlik qüvvələri 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsinin mənimlə otelin foyesində görüş keçirməsinə imkan vermədilər. Görüşümüzün dayandırılmasını tələb etdilər. Məni belə münasibət təəccübləndirməsə də, avropalı deputatlar qarşılaşdıqları hadisədən şoka düşmüşdülər. Onlar hökumətin mənə son 8 ildə pasport vermədiyini, partiyamızın dəfələrlə qərargahdan çıxarıldığını bilsələr də, görünür, bu qədərini gözləmirdilər. Xeyli mübahisə etdilər. Belə münasibətin qəbuledilməz olduğunu dəfələrlə vurğuladılar, xeyri olmadı.

Bu dəfə də avropalı deputatlar bizim “təhlükəsizlik” qüvvələrini təəccübləndirdilər. Mənimlə birlikdə oteli tərk etdilər. Şəhərdə kafelərin birində görüşümüzü davam etdirdik. 2 saat ərzində hər şeydən danışdıq. Amma hiss edirdim ki, görüşümüzün sonuna qədər onlar oteldə üzləşdikləri hadisənin təsiri altındaydılar. Bakıda tez-tez tolerantlıq konfransları keçirən İlham Əliyevin prinsipial müxalifətə düşməncəsinə münasibətinin şahidi olmuşdular. Həqiqətən də yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”, Əli Kərimli vurğulayır.

XS
SM
MD
LG