Accessibility links

"Elina işi"ndə məktəb direktoruna hökm oxundu


Məhkəmədə "Elina işi" araşdırılır
Məhkəmədə "Elina işi" araşdırılır

Elinanın ailəsi və vəkilləri verilən hökmdən razı deyillər

Oktyabrın 24-də Səbael rayon məhkəməsində 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümündə ittham olunan keçmiş direktor Sevinc Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bundan başqa, Sevinc Abbasova Elinanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə kompensasiya ödəməlidir.

Hökmdən öncə məhkəmədə direktorun vəkili Sadiq Bağırov ittihamla razılaşmadıqlarını deyib. Vəkil zərərçəkmişin həm keçmiş direktor, həm də Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddiasına da etiraz edib: "Sevinc Abbasovanın əməlində cinayət tərkibi yoxdur. Ona verilən ittihamlar nə istintaqda sübut olundu, nə də məhkəmədə. Ona görə də Sevinc Abbasovaya bəraət verilməsini xahiş edirəm".

Elinanın ailəsi və vəkilləri jurnalistlərə açıqlamasında hökmlə razı olmadıqlarını və apelyasiya şikayəti verəcəklərini deyiblər.

Bakıda 162 saylı ümüumtəhsil məktəbində oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü məktəbin üçüncü mərtəbəsindən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur.

Hadisədən sonra Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayeva işdən çıxarılıb.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib,” Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünü təqsirli bilmədiyini deyib.

XS
SM
MD
LG