Accessibility links

Elman Rüstəmov: “2019-cu ildə devalvasiya olmayacaq”


2019-cu ilin makroiqtisadi proqnozları 2018-ci ilin proqnozlarına çox bənzərdir, buna görə də 2019-cu ildə devalvasiyadan danışmaq ciddi deyil.

Bu barədə fevralın 1-də keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmov
Elman Rüstəmov

"Bizim bütün proqnozlarımız makroiqtisadi sabitliyə əsaslanır. Ötən il tədiyyə balansına profisit qeydə alınıb. Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb."

O qeyd edib ki, valyuta bazarının tam sabitliyi təmin edilib.

Bizim bütün proqnozlarımız makroiqtisadi sabitliyə əsaslanır. Ötən il tədiyyə balansına profisit qeydə alınıb.
Elman Rüstəmov, Mərkəzi Bankın sədri

"Neft qiymətlərindən asılı olmayaraq, Dövlət Neft Fondunun Azərbaycan maliyyə bazarına transferti 6,8 mlrd. dollar təşkil edəcək. Yeni büdcə qaydaları manatın məzənnəsini sabit saxlamaq imkanı verir," rüstəmov qeyd edib.

Bu zaman baş bankir deyib ki, onlar risk amillərini gözləməsəydilər, uçot dərəcəsinin azaldılması haqqında qərar qəbul etməzdilər.

“Proqnozlar konsensusun neft qiymətləri ilə bağlı 60-70 dollar intervalında proqnozuna əsaslanır. Dövlət büdcəsi də bu qiymətə əsasən formalaşdırılıb,” Rüstəmov bildirib.

Onun fikrincə, 2019-cu ildə ölkədə inflyasiyanın 4 faiz səviyyəsində proqnozlaşdırılır.

Elman Rüstəmov sözlərinə görə, Mərkəzi Bankın bütün siyasəti bu proqnozun ətrafında formalaşır.

O xatırladıb ki, 2018-ci ildə inflyasiya 2,3% təşkil edib ki, bu da proqnozdan az idi.

Baş bankir Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması barədə qərar qəbul etdiyini bildirib.

“Uçot dərəcəsi 9,75%-dən 9,25%-ə endirilib,” Rüstəmov qeyd edib.

Müvafiq olaraq faiz dəhlizinin yuxarı həddi fevralın 1-dən 11.25%, aşağı həddi isə 7.25% olacaq.

2018-ci ildə Mərkəzi Bank uçot dərəcəsini dörd dəfə: fevralın 12-də 15% -dən 13%-ə, aprelin 9-da 13%-dən 11%-ə, iyunun 14-də 11%-dən 10%-ə, oktyabrın 30-da 10%-dən 9,75%-ə qədər azaldıb.

Ekspert: "Azərbaycanda makroiqtisadi göstəricilər neft amilinə bağlıdır”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın sabitliyini 3 faktorla əsaslandırıb:

“1) Tədiyyə balansı profisiti, 2) Neft Fondunda 3 milyard dollara yaxın artımın olması, 3) 2019-cu ildə Neft Fondundan büdcəyə tranfertlərin həcminin əvvəlcədən 6,8 milyard dollar müəyyən edilməsi. Elman Rüstəmovun qeyd etdiyi hər 3 amil tək bir faktora – neftə görədir və əslində Mərkəzi Bankın sədri özü-özünü təkzib edir: a) Tədiyyə balansında ona görə profisit yarandı ki, 2018-ci ildə neftin orta qiyməti 2017-ci ilə nisbətən 35% baha oldu, b) Neft Fondunda yığılan vəsait ona görə 3 mlrd. dollar artdı ki, neft 2018-ci ildə daha baha satılırdı, v) Neft Fondunun gəlirləri də 2019-cu il üçün neft qiymətinin 60 dollar olacağı üzərindən hesablanıb deyə, 6,8 milyard dolların tranferti öncədən qərara bağlanıb. Yəni, bütün makroiqtisadi göstəricilər neft amilinə bağlıdır.”

Ekspert Mərkəzi Bankın sədrinin “neft ucuzlaşsa belə ölkədə manatın məzənnəsinə, inflyasiyaya təsir etməyəcək” deməsini nonses hesab edir.

Əgər neft qiymətləri 50 dollardan aşağı olsa, 40-45 dollar səviyyəsinə düşsə, bu zaman tədiyyə balansında ciddi mənfi saldo olacaq, manatın 15-20% devalvasiyası gündəmə gələcək, inflyasiya ölkədə ikirəqəmli olacaq
Natiq Cəfərli, ekspert

“Amma Elman Rüqstəmov dolayısı ilə təsdiq edir ki, öncədən dediyi `manat üzən məzənnə rejiminə keçib` bəyanatı doğru deyil. O öz sözləri ilə təsdiq edir ki, manatın məzənnəsi sırf inzibati yolla, hökumətin və Mərkəzi Bankın qərarları ilə müəyyənləşdirilir. Bu il Azərbaycanda manatın taleyi də, inflyasiya göstəriciləri də, tədiyyə balansının vəziyyəti də - bir sözlə bütün göstəricilər neftin qiymətindən asılı olacaq.”

Onun fikrincə, bu il neftin qiyməti 60-70 dollar arası olacaqsa, manatın məzənnəsi dəyişməyəcək, ticarət dövriyyəsində müsbət saldo davam edəcək, inflyasiya təkrəqəmli olacaq.

“Yox, əgər bu il neftin qiyməti 50-60 dollar arası olacaqsa, artıq tədiyyə balansında mənfi saldo yaranacaq, manatın məzənnəsinə basqılar artacaq. Bu halda Mərkəzi Bank məcburən manatın məzənnəsində cüzi də olsa enməyə gedəcək, yəni, məzənnə 1 dollar – 1,80 manat səviyyəsinə qədər dəyişə bilər. Yox əgər neft qiymətləri 50 dollardan da aşağı olsa, 40-45 dollar səviyyəsinə düşsə, bu zaman tədiyyə balansında ciddi mənfi saldo olacaq, manatın 15-20% devalvasiyası gündəmə gələcək, inflyasiya ölkədə ikirəqəmli olacaq. Çünki, bizdə dolların məzənnəsi inflyasiyaya birbaşa təsir göstərir, ölkə idxaldan kəskin asılı vəziyyətdədir,” Cəfərli Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG