Makroiqtisdi göstəricilər ilin sonuna qədər manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırmağa əsas verir.
Bu barədə aprelin 26-da keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Milli valyutanın məzənnəsinin sabit qalmasına şərait yaradan amillər arasında Rüstəmov dünya bazarlarında neftin qiymətinin yüksək olmasını göstərib.
Bundan başqa, AMB-nin valyuta hərraclarında ticarət də manatın məzənnəsi ilə bağlı nikbin proqnoz üçün əsas verir.
"Dövlət Neft Fondu hətta valyuta satışı qrafikindən geri qalır. Valyuta hərraclarında tələb və təklif, demək olar ki, üst-üstə düşür. Birinci rübdə Neft Fondu valyuta hərraclarında 1,5 mlrd. dollar, bu günə qədər isə 1,9 mlrd. dollar satıb. Qrafikə əsasən, fond satışlarda 100 mln. dollar geri qalır," AMB sədri bildirib.
Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb.
O, həmçinin qeyd edib ki, ilin əvvəlindən AMB tərəfindən valyuta müdaxilələrinə ehtiyac olmayıb.
Uçot dərəcəsinə gəldikdə isə o bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9 faizdən 8.75 faizə endirib.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10.75, aşağı həddi isə 6.75 (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
"Bu il inflyasiya həddinin aşağı olacağı gözlənilir. Bu rəqəm təxminən 4 faiz təşkil edəcək," Mərkəz Bank rəhbəri bildirib.
"Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub."
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirərkən belə danışıb.
Rüstəmov qeyd olunan qanun layihəsini ölkə prezidentinin elan etdiyi islahatlara və bazar iqtisadiyyatına zidd adlandırıb.
Mərkəzi Bank rəhbərinin dediyinə görə, bu təcrübədən aşağı gəlirli ölkələr istifadə edir.
O vurğulayıb ki, kredit faizlərinə hədd müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib çıxara bilər.