Accessibility links

Elman Rüstəmov: Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək


mərkəzi bank
mərkəzi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.

Bu barədə yanvarın 29-da mətbuat konfransında çıxış edən AMB sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7.8 milyard manat vəsait köçürüb və 2021-ci ildə bunun 250 milyon civarında olması planlaşdırılır.

Elman Rüstəmovun sözlərinə görə, bu iş 4-5 il ərzində yekunlaşmalıdır.

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisinə 218 milyon avro yönəldəcəyi açıqlanıb. Binanı Türkiyənin "Tekfen Holding" şirkəti inşa etməlidir.

Azərbaycan Mərkəzi Bankının hazırki binası 1998-ci ildə istifadəyə verilib. Bina təqribən 50 milyon dollara başa gəlib.

Yeni binanın tikintisi Azərbaycanda tənqidlərə yol açıb. Bəzi müxalif partiya və ictimai fəallar bu layihəni bahalı və lazımsız hesab edirlər.

Tekfen-İnşaat şirkətinin yanvarın 13-də yaydığı məlumata görə, Bakıda yeni binanın tikintisi ilə bağlı Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və Türkiyənin Tekfen-İnşaat şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz layihələndirmə, avadanlıq və maddi təchizat, tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə müqavilə imzalayıb.

“Prosesdə əməyi olan bütün dostlarımızı təbrik edir, onların layihəni təhlükəsiz və uğurlu şəkildə həyata keçirmələrini arzulayırıq,” məlumatda qeyd edilir.

Tekfen-İnşaat Azərbaycanda bundan öncə Bakı Olimpiya Stadionunun inşasını həyata keçirib, hazırda isə Azərbaycan Vergilər Nazirliynin binasını inşa edir.

Mərkəzi Bankın yeni 32 mərtəbəli binasının inşasının ümumi dəyəri 450 milyon manat (218 milyon avro) olacaq. Yeni bina Bakıda Heydər Əliyev Prospekti, 109 ünvanında tikiləcək. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.

XS
SM
MD
LG