Accessibility links

Elmar Şahtaxtinski: “Bu məktuba imza atmağı əmr verən hakimiyyət onların gözündə sınmaz görünür”


Elmar Şahtaxtinski: “Bu məktuba imza atmağı əmr verən hakimiyyət onların gözündə sınmaz görünür”
Elmar Şahtaxtinski: “Bu məktuba imza atmağı əmr verən hakimiyyət onların gözündə sınmaz görünür”

AZAD sədri Şahtaxtinskilər nəsli adından ona məktub göndərən bir qrup naxçıvanlını bolşevik qəhrəmanı Pavlik Morozova bənzətdi (Audio)

Bu günlərdə Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şahtaxtinskinin ünvanına bir qrup naxçıvanlı adından məktub göndərilib.(Məktubun tam mətnini buradan oxuyun). Məktubda Elmar Şahtaxtinski ABŞ-da fəaliyyəti ilə Şahtaxtinksilər nəslinə ləkə gətirməkdə ittiham olunur. Cənab Şahtaxtinski Amerikanın Səsinə müsahibədə məktubun məğzinin nədən ibarət olduğuna aydınlıq gətirməklə yanaşı, ona ünvanlanan məktuba cavab verəcəyini bildirib.


Sual:
Bu günlərdə Sizin ünvanınıza Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bir neçə ziyalısının adında məktub göndərilib. Məktubda Sizin Sahtaxtinskilər nəslinə ləkə gətirdiyiniz vurğulanır. Ümumilikdə məktubun məğzi nədən ibarətdir?

Cavab: Məktub açıq-aşkar Azərbaycan hakimiyyətinin sifarişi ilə hazırlanmış bir sənəddir. Buraya imza atan adamlar özlərini Naxçıvan ziyalıları və bəziləri özlərini Sahtaxtinskilər nəslinin nümayəndələri adlandırır. Məktubda mənim rəhbərlik etdiyim AZAD təşkilatının fəaliyyətini nəslin reputasiyasına qara ləkə adlandırıb, məni vətənə xəyanətdə günahlandırırlar. Əlbəttə ki, gülünc bir ittihamdır. Məktubun elə yazılması indki Azərbaycan hakimiyyətinin keçmiş KQB, DTK metodlarına əl atmasını, bir nəslin adamlarını bir-birinə qarşı çevirməklə ən çirkin bir əmələ əl atmasını göstərir. Gülünc ittihamların heç bir faktiki sübutu yoxdur. Sadəcə olaraq, mənim hökumətin siyasəyinə qarşı buradakı fəaliyyətimə görə, bizi vətən xaini adlandırmaq, ermənipərəst və başqa damğalar vurmaq istəyirlər. Əlbəttə ki, bu, siyasi kələkbazlıqdan başqa bir şey deyil.

Sual: Məktubda həm də deyilir ki, digər əlavə sənədlər də poçt vasitəsilə sizə göndərilir. Sizə nə kimi sənədlər göndəriblər?

Cavab: Aldığım yeganə bu məktubdur. Başqa sənəd almamışam. Yəqin ki, o sənədlər də bu məktub kimi saxta, ya da ki, uydurulmuş sənədlər olacaq.

Sual: Yəqin ki, məktuba cavab verəcəksiniz.

Cavab: Mənim onlara cavabım bu gün mətbuata çatdırılacaq və xahiş edərdim ki, bu müsahibəyə qulaq asanlar və o cümlədən, mətbuat orqanları o cavaba diqqət yetirsinlər. Cavabımda mən birinci növbədə məktuba imza atan insanlara demək istəyərdim ki, okeanın bu tayında – ABŞ-da vətən düşməni axtarmaqdansa, özlərinin ətrafında hər gün baş verən biabırçılıqlara nəzər yetirsinlər. Oğru hakimiyyətin camaatın sərvətini mənimsəyib, xalqın haqq səsini boğmaqla məşğul olmasına diqqət yetirsinlər. Bu insanların içərisində Naxçıvanın və hətta Azərbaycan Respublikasının Milli Məclisinin millət vəkilləri var. Qalanları isə ziyalı adı daşıyırlar, elmlər doktorları, Akademiya üzvləridir. Mənə maraqlıdır ki, bunlar nə vaxtsa hakimiyyətin törətdiyi haqsızlığa, vətəndaşlara verilən işgəncələrə, rüşvətə qarşı səs qaldırıblarmı? Bunlar əgər özlərini azad şəxsiyyət kimi birinci növbədə göstərə bilməyiblərsə, və Azərbaycanda bu dəqiqə ən çox özbaşınalıq məskəni olan Naxçıvandakı biabırçılıqlara qarşı onlar ömürlərində bir dəfə də olsun, camaatın, mətbuatın qarşısında çıxış etməyiblərsə, onların okeanın bu tayında kiməsə də məktub göndərməyə heç bir mənəvi haqqı yoxdur. Mən bunu onlara çatdıracam və Naxçıvanda olan biabırçılıqları faktlarla göstərəcəm.

Sual: Fikrinizcə, bu məktubu nə üçün göndəriblər? Yəni, sizin hansısa fəaliyyətiniz qarşılığında, bu məktub sizə göndərilib?

Cavab: Bizim ümumi fəaliyyətimiz qarşılığında. Bunlara mən çatdırmaq istəyirəm ki, vaxtilə Sovet rejimində Pavlik Morozov adlı bir gənci qəhrəman kimi göstərmişdilər. Əgər bilirsinizsə də, Pavlik Morozovun “igidliyi” ondan ibarət idi ki, o, öz atasını bolşevik hökumətinə satmışdı. Bu da həmin metoddur. Burada Şahtaxtinski nəslinin iki nəfərinin adından mənə deyirlər ki, mənim buradakı fəaliyyətim və bizim təşkilatın fəaliyyəti nəslə qara ləkə gətirir. Tarix göstərdi və nəinki tarix, elə Sovet vaxtı hamıya bəlli idi ki, Pavlik Morozovun axırı nə ilə qurtardı. Mən bunu imza atanların yadına salmaq istəyərdim. Bundan ibrət dərsi götürsünlər. Bu məktuba imza atmağı əmr verən oğru hakimiyyət, onların gözündə bu gün sınmaz görünə bilər. Ancaq, mən onları əmin edə bilərəm ki, bütün bu hakimiyyətin törətdiyi cinayətlər və onun əlləri və ağzı kimi işləyən insanların etdiklərinin hamızı yazılır, yadda saxlanılır. Bunların hamısının nə vaxtsa cavabı olacaq. Ona görə, elə bilməsinlər ki, bu gülünc məktubu (gülür) mənə göndərməklə, hökumətə nökərlik etməklə yalnız, bir tərəəfli təsirə məruz qalacaqlar, yəni bunların heç birinin cavabı olmayacaq. Bunların totalitar təfəkkürlərində, elə bilirlər ki, bu məktub nəyəsə təsir edə bilər və kimisə qorxuda bilər. Bir də ki, orada imza atan Şahtaxtinski nəslinin 1-2 nümayəndəsinə demək istəyirəm, bu hakimiyyətə nökərlik etməklə nəslin adına əsl qara ləkəni gətirən belə hərəkətlərdir. Əgər, onlar öz məktublarında Şahtaxtinskilər haqqında yazdıqlarına, bilmirəm özləri yazıblar ya yazıb verib onlara imza atdırıblar, bir az diqqətlə oxusalar, orada görərlər ki, onların fəxr etdikləri bütün bu şəxsiyyətlər vaxtilə imperiyaya qarşı durublar, hakimiyyətin haqsızlığına qarşı çıxıblar və öz xalqını qoruyublar. Ona görə, mən bu insanları düz yola gəlib, xalqın mənafeyini, Əliyev hakimiyyətini yox, əsl dövlət mənafeyini müdafiə etməyə çağırıram.

XS
SM
MD
LG