Accessibility links

Elmar Məmmədyarov: Münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında mümkündür


Elmar Məmmədyarov BMT tribunasında

“Azərbaycan Konstitusiyasını pozan və beynəlxalq hüquqa uyğun olmayan münaqişənin həllinə nail olmaq mümkün deyildir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində çıxışında bildirib.

Onun fikrincə, Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün hələ də əsas təhdid olaraq qalmaqdadır.

“BMT Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı hərbi gücdən istifadə olunması; belə fəaliyyətlərin qeyri-qanuni və BMT Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyətli olduğu; bunun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün aydın pozulmasını təşkil etməsi faktını müəyyən etdi. Digər səlahiyyətli beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərarlar və sənədlər eyni xətti təşkil edir. Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında çıxarılması da daxil olmaqla Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib”, nazir qeyd edib.

Məmmədyarov Ermənistan baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışına da münasdibət bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Onun fikrincə Dağılıq Qarabağın Azərbaycanın tərkibində olması yeni “erməni soyqırımı” deməkdir.

“Əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri indi də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini utanmadan Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışır. Bu ilhaqçı iddia nəinki beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlikdir, o həm də ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alır. Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirir”, Azərbaycan xarici işlər naziri Erməınitsanın baş nazirnə cavab verib.

Naziri hesab edir ki, Ermənistan baş nazirinin son bəyanatları və fəaliyyətləri yerdə vəziyyətin daha da gərginləşməsi, təmas xəttində, Ermənistan və Azərbaycan arasında sərhəddə hərbi düşmənçilik təxribatlarının törədilməsi məqsədini güdür.

“Ermənistan davamlı olaraq münaqişənin həlli prosesinə maneə törədib və yüz minlərlə azərbaycanlı məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmağının qarşısını alır, demoqrafiq, mədəni və fiziki xarakteri dəyişikliklər edərək işğalı möhkəmləndirməyə çalışır. 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmaqla, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində, xüsusilə Suriyadan olan ermənilərin qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir”, Məmmədyarov qeyd edib.

XS
SM
MD
LG