Accessibility links

Məhkəmə Elmar Vəliyevin tibbi ekspertizadan keçirilməsi barədə qərar qəbul edib


Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla, 12 nəfər dəstə üzvünün cinayət işi (Gəncə işi) üzrə məhkəmə istintaqı yenilənib.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə mayın 25-də qərar qəbul edib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimlər kollegiyası zərərçəkən kimi tanınan Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin anlaqlı olub-olmamasının müəyyənləşdirilməsi üçün tibbi ekspertiza keçirilməsi barədə qərar verib.

Məhkəmə kollegiyası vəkil İlqar Rüstəmovun bu barədə vəsatətini məhkəmə təmin edib.

Təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov müvəkkilinə qarşı ittihamların əsassız olduğunu deyib. O bildirib ki, müdafiə etdiyi şəxs cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır.

Vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib.

Digər vəkillər və təqsirləndirilən şəxslər bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar.

Bu zaman dövlət ittihamını müdafiə edən prokuror vəsatətə etiraz etməyib.

Beləliklə ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Dövlət ittihamçısı əvvəlki məhkəmə prosesində Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18-20 il həbs istəyib.

3 iyul 2018-ci ildə Gəncədə şəhərinin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki yüksək rütbəli polis zabiti qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

XS
SM
MD
LG