Accessibility links

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir


Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ nizamlanması ilə bağlı müzakirələri davam etdirmək üçün martın 15-də Bakıya gələcək. Azərbaycan danışıqları davam etdirməyə hazırdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ nizamlanması ilə bağlı müzakirələri davam etdirmək üçün martın 15-də Bakıya gələcək. Azərbaycan danışıqları davam etdirməyə hazırdır. Bu barədə XİN rəhbəri Elmar Məmmədyarov bu gün albaniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin danışıqlarının yekunları ilə bağlı şərh verən Məmmədyarov deyib ki, görüşdə “bəzi konstruktiv məqamlar səslənib”. “Biz güman edirik ki, proses davam edir”, deyə Məmmədyarov əlavə edib.
Onun sözlərinə görə, prezidentlər XİN rəhbərlərinə müzakirələri davam etdirməyi tapşırıblar. Bununla əlaqədar olaraq, Rusiyanın təşəbbüsü ilə iki ölkə XİN rəhbərlərinin bir və ya bir neçə görüşü keçiriləcək. “Hələlik açıq qalan məsələlər var, amma artıq daha konkret müzakirələr aparılır”, deyə nazir bildirib.
Cənab Məmmədyarov martın 8-də Ermənistan tərəfindən açılan atəş nəticəsində Ağdam rayonunda uşağın qətlə yetirilməsini pisləyib. Bu, tərəflərin Soçidə hadisələrin araşdırılması barədə razılıq əldə etməsindən dərhal sonra baş verib. Məmmədyarov bu hadisəni Minsk qrupunun həmsədrləri və RF XİN rəhbəri Sergey Lavrovla müzakirə edib.
“9 yaşlı uşaq müharibədə iştirak etmir. Onun ölümü təxribat kimi qiymətləndirilməlidir”, deyən nazir qeyd edib ki, Ermənistanda müəyyən qüvvələr sülh istəmirlər.
Azərbaycan hadisəyə çox ciddi yanaşır və xaricdəki diplomatik nümayəndələr bu barədə hökumətlərə və beynəlxalq təşkilatlara məlumat verəcəklər.
Öz növbəsində, Albaniya XİN rəhbəri Edmond Hacinaston da azyaşlı uşağın həlak olmasını pisləyib. O, Albaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

XS
SM
MD
LG