Accessibility links

Elmar Məmmədyarov: “Yol xəritəsi”ndəki bir sıra əsas məsələlər razılaşdırılmamış qalır


Elmar Məmmədyarov: “Yol xəritəsi”ndəki bir sıra əsas məsələlər razılaşdırılmamış qalır
Elmar Məmmədyarov: “Yol xəritəsi”ndəki bir sıra əsas məsələlər razılaşdırılmamış qalır

“Nizamlanma mərhələləri “Yol xəritəsi”nin əsasını təşkil edir. Söhbət aşağıdakı mərhələlərdən gedir: işğal edilmiş ərazilərdən qoşunların çıxarılması; yolların və kommunikasiyaların bərpası; azad edilmiş ərazilərin bərpası; məcburi köçkünlərin doğma yurdlarına qayıtması; sülhməramlı qüvvələr vasitəsilə təhlükəsizliyin təmin edilməsi.

ATƏT-in Minsk qrupunun həmsədrləri yeni təkliflər gətirməyiblər və müzakirələr daha əvvəl irəli sürülmüş təkliflər çərçivəsində aparılıb. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Amerikanın Səsi radiosunun Azərbaycan rəhbərliyi və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında dünənki danışıqların yekunları barədə sualının cavabında bildirib.
Bu gün Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) təmas xəttini keçərək Xankəndinə, oradan da Yerevana gedəcəklər.
”İyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazirlər üç ölkə prezidentinin iyunun 24-də Kazanda keçiriləcək görüşündə müzakirə olunacaq məsələləri hazırlayacaq”, - deyə cənab Məmmədyarov bildirib.
Nazir əlavə edib ki, Qarabağ nizamlanması üzrə hazırki proses problemin həllinin paket və mərhələli həll variantlarının bir araya gətirilməsini nəzərdə tutur. “Nizamlanma mərhələləri “Yol xəritəsi”nin əsasını təşkil edir. Onun prinsipləri “Böyük səkkizliyin” Kanada sammitində ABŞ, Fransa və Rusiya prezidentlərinin bəyanatında əksini tapıb. Söhbət aşağıdakı mərhələlərdən gedir: işğal edilmiş ərazilərdən qoşunların çıxarılması; yolların və kommunikasiyaların bərpası; azad edilmiş ərazilərin bərpası; məcburi köçkünlərin doğma yurdlarına qayıtması; sülhməramlı qüvvələr vasitəsilə təhlükəsizliyin təmin edilməsi və s.”
Cənab Məmmədyarovun sözlərinə görə, “Yol xəritəsi”ndəki bir sıra əsas məsələlər razılaşdırılmamış qalır və onların razılaşdırılması sülh sazişlərinin hazırlanması üçün yol açar. Lakin o, bu məsələləri açıqlamayıb. Eyni zamanda, o, Qarabağın statusu üzrə plebissit məsələsinin razılaşdırılıb razılaşdırılmaması haqqında suala inkar cavabı verib.
Nazir “Kazan görüşündə Təməl prinsiplərin razılaşdırılması mümkündürmü?” sualına cavab verməkdə çətinlik çəkib və qeyd edib ki, “hələlik bu barədə danışmaq tezdir.”
Atəşkəs rejiminin pozulması faktlarına son qoyulmaması ilə bağlı şərh verən cənab Məmmədyarov deyib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərində qaldıqca atəşkəs rejiminin pozulması və insan qurbanları ehtimalı həmişə olacaq.
”Snayperlər məsələsi problemin həlli deyil, çünki insanlar yalnız onların açdığı atəşlər nəticəsində həlak olmur. Erməni qoşunları Azərbaycan ərazilərini nə qədər tez tərk etsə, münaqişənin sülh yolu ilə həllinə bir o qədər tez nail olunacaq.”
Sülhməramlı qüvvələrin tərkibinə gəlincə, nazir təsdiq edib ki, bir müddət əvvəl əldə edilmiş qərara əsasən, bu bölgədə qonşu ölkələrin və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin hərbiçiləri təmsil oluna bilməz.

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyunun 7-də jurnalistlərə açıqlamasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçirəcəyi görüşdən danışıb: “Kazanda Ermənistan özündə iradə tapıb mövqe bildirməlidir. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündən gözləntilər çoxdur. Beynəlxalq ictimaiyyət, o cümlədən həmsədrlər tələb edir ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi üçün müəyyən rayonların qaytarılması, məcburi köçkünlərin evlərinə dönməsi lazımdır. Bununla da proses başlaya bilər.”
Referendum məsələsinə də münasibət bildirən cənab Məmmədov deyib ki, Ermənistan zaman-zaman referendum məsələsini ortaya atmaqla danışıqların müddətini uzadır. “Əslində referendum bütün bu proseslərdə ən axırıncı məsələdir.”
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da Amerikanın Səsi radiosuna Kazan görüşündən danışıb. “Ümid edirik ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə irəliləyiş olacaq. Baza prinsiplərinin razılaşdırılmasının vaxtıdır.”

XS
SM
MD
LG