Accessibility links

Elmar Hüseynov yad edilib


Elmar Hüseynovun məzarının ziyarəti
Elmar Hüseynovun məzarının ziyarəti

2005-ci ildə qətlə yetirilmiş jurnalistin ad günüdür. Onun 45 yaşı tamam olacaqdı.

Söz azadlığı tərəfdarları 2005-ci il martın 2-də muzdla tutulmuş qatillər tərəfindən qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad edib. Bu gün Elmarın 45 yaşı olacaqdı.
“Ənənəvi olaraq, söz azadlığına sadiq olan hər kəs Elmara minnətdarlığını nümayiş etdirmək üçün iyulun 17-də redaktorun qəbrini ziyarət edir”, deyə “Qanun” nəşriyyatının təsisçisi Şahbaz Xuduoğlu bildirib.
O qeyd edib ki, ildən ilə müstəqil jurnalistlərin sıraları seyrəlir, söz azadlığına basqlar isə artır. “Amma azadlıq dəyərlərinə sadiq olanlar çətinliklərə və təhlükələrə baxmayaraq, Elmarın yolunu davam etdirir”, deyə o vurğulayıb.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Elmarın atası Sabir Hüseynova Azərbaycan xalqına belə dahi oğul verdiyi üçün təşəkkürünü bildirib. “Bilməlisiniz ki, Elmar təkcə sizin oğlunuz deyil, bizim də qardaşımız, dostumuz, bizim üçün çox önəmli şəxsiyyətdir”, deyə İsa Qəmbər qeyd edib.
“Azərbaycan hakimiyyəti qətlin üstünü açmaq üçün heç nə etmir və belə bir niyyəti də yoxdur. Bütün bunlar təsadüfi deyil, çünki bu, Azərbaycanda söz azadlığının pozulması üzrə dövlət siyasətinin tərkib hissəsidir”, - deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.
Elmar Hüseynovun həmfikirləri onun müasir Azərbaycan jurnalistikası tarixində və Azərbaycanda azad fikirliliyin inkişafında rolundan bəhs edib.
Elmarın atası oğlunu xatırlayan və onun doğum günündə də, faciəvi qətli günündə də hörmətlə yad edən hər kəsə təşəkkürünü bildirib.
XS
SM
MD
LG