Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovanın şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.
AİHM-nin məlumatında deyilir ki, hazırda Norveçdə yaşayan R.Hüseynovanın şikayəti 17 fevral 2010-cu il tarixində icraata qəbul edilib.
AİHM Azərbaycan hökumətinə sorğu göndərərək, cinayət işinin materiallarını tələb edib.
AİHM-də R.Hüseynovanın hüquqlarını Osloda fəaliyyət göstərən vəkil K.Roqnlien təmsil edir.
R.Hüseynova ərizəsində bildirir ki, həyat yoldaşı Azərbaycan prezidenti, hökumət üzvlərini və vəzifəli şəxsləri tənqid etdiyinə görə dəfələrlə mülki iddialar və cinayət işləri üzrə məhkəməyə cəlb olunub. Ona qarşı ümumilikdə 34 iş olub.
Hakimiyyət dəfələrlə onun rəhbərlik etdiyi nəşrin buraxılmasına maneə yaradıb.
R.Hüseynovanın sözlərinə görə, həyat yoldaşı müntəzəm olaraq hədələrə məruz qalıb. Xüsusən, 2004-cü ilin yanvarında polis əməkdaşları onu qətllə hədələyərək, Azərbaycan prezidenti və onun ailə üzvləri haqqında nəşrlərə son qoymağı tələb ediblər.
2005-ci il martın 2-də, axşam saat 9 radələrində Elmar Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın üçüncü mərtəbəsində - mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib.
Azərbaycan prezidenti də hadisənin ertəsi gün - martın 3-də verdiyi rəsmi bəyanatda hadisəni pisləyərək, bu qətli “ölkənin reputasiyasına böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” kimi qiymətləndirib.
Baş Prokurorluğun Ağır Cinayətlərlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb.
Martın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyəti başlanmış cinayət işi haqda məlumatlandırıblar.
2005-ci il aprelin 6-da cinayət işi qəsdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, T.Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.
Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.
2005-ci il mayın 20-də istintaq qətldə şübhəli bilinən daha bir şəxsin adını açıqlayıb - yenə Gürcüstan vətəndaşı olan Teymuraz Əliyev.
Rüşaniyyə Hüseynova istintaqın gedişatı haqqında məlumat verilməsi ilə bağlı müraciətlərinə cavab ala bilməyib.
Ərizəçinin sözlərinə görə, o, həyat yoldaşının hakimiyyət tərəfindən qətlə yetirildiyi barədə açıqlamalarına görə hadisədən sonra bir il təhdid altında olub. Bu səbəbdən də 2006-cı ildə ölkəni tərk edərək, Norveçdə sığınacaq alıb.
2008-ci ildə ərizəçinin vəkili, eləcə də Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, Elmar Hüseynovun qətlilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.
Milli Təhlükəsizlik Nazirliyinin 18 iyul 2008-ci ildə ərizəçinin vəkilinə göndərdiyi cavab məktubunda yazılıb ki, o, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən sənədlərin surətini əldə edə bilməz.
2009-cu ilin martında R.Hüseynova da buna bənzər cavab alıb.
R.Hüseynova hesab edir ki, həyat yoldaşı Azərbaycanın hakimiyyət nümayəndələri tərəfindən qətlə yetirilib və bu səbəbdən dövlət orqanları bu cinayət işi üzrə effektiv araşdırma aparmayıb. Bu da Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasıdır.
O qeyd edir ki, həyat yoldaşının qətli həm də Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozuntusudur. Çünki Elmar Hüseynov məhz jurnalist fəaliyyətinə görə qətlə yetirilib.
Ərizəçi həmçinin Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələri hüququ) maddəsinin pozulduğunu vurğulayır.
Bununla yanaşı Avropa Məhkəməsi Azərbaycan hökumətinin aşağıdakı suallara cavab verməsini istəyir:
- Ərizəçinin həyat yoldaşının Konvensiyanın 2-ci maddəsilə təminat verilən yaşamaq hüququ pozulubmu? Xüsusən, dövlət məmurlarının ərizəçinin həyat yoldaşının ölümündə hər hansı formada iştirakı olubmu? Ərizəçinin həyat yoldaşının qorunması baxımından dövlətin polzitiv öhdəliyi olubmu? Ərizəçinin həyat yoldaşı qətlə yetirilənə qədər polisə həyatına real təhlükə barədə məlumat veribmi? Yerli dövlət orqanları ərizəçinin həyat yoldaşının həyatına istənilən təhlükədən xəbərdar olubmu? Əgər cavab "hə"dirsə, bu halda, yerli dövlət orqanları bu məsələ ilə əlaqədar hansı tədbirləri görüb? Yerli istintaq orqanları bu iş üzrə Avropa Konvensiyasının 2-ci maddəsinin pozulmasını araşdırıbmı?
- Ərizəçinin həyat yoldaşının məlumatları yaymaq, fikirlərini ifadə etmək baxımından Konvensiyanın 10-cu maddəsilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə olubmu? 2005-ci il martın 2-də baş vermiş qətl hadisəsi onun jurnalist fəaliyyətilə əlaqəlidirmi? Vətəndaşların Konvensiyanın 10-cu maddəsilə təminat verilən ifadə azadlığının təmin edilməsi baxımından dövlətin pozitiv öhdəliyi varmı?
- Ərizəçinin müraciətlərinin araşdırılması baxımından Konvensiyanın 13-cü maddəsilə təminat verilən effektiv hüquqi müdafiə vasitələri təmin olunubmu?
- Hökumətdən xahiş olunur ki, bu iş üzrə istintaq hərəkətləri, eləcə də dövlət orqanlarının digər addımları barədə detallı məlumat verilsin. Bu iş üzrə bütün sənədlərin surətləri, o cümlədən məhkəmə tibbi ekspertizasının, prosessual qərarlar, dindirmə zamanı alınan ifadələr, şəkillər, video-yazılar, bir sözlə, bu cinayət işinə aid bütün materialların verilməsi xahiş olunur.