Accessibility links

Elmin Bədəlov: Azərbaycanda küçə tamaşasına marağın artmasını istəyirik


Elmin Bədəlov: Azərbaycanda küçə tamaşasına marağın artmasını istəyirik
please wait

No media source currently available

0:00 0:05:23 0:00

Azərbaycanın ilk müstəqil teatrı olan Azərbaycan Dağınıq Oda teatrı iyunun 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Azadlıq" metrosunun qarşısında çıxış edib.

Səfərlə bağlı teatr Gürcüstan meriyasına rəsmi müraciət edib, müraciətdən bir neçə saat sonra meriya ADO teatrına müsbət cavab verib, eyni zamanda Gürcüstan polisinə məlumat verərək nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib.

Polis nümayişə müdaxilə etməyib, təhlükəsizliyi təmin edib. Gürcü mediası teatrın küçə tamaşasını işıqlandırıb.

Teatr bu dəfə Gürcüstana yeni hazırladığı “Gic-Daban” (Crazy-Heel) tamaşasını göstərib.

Küçə tamaşasına teatrın bir neçə performansı və repertuarındakı bəzi tamaşalarından parçalar da əlavə olunub.

"Bu tamaşanın hazırlanmasında əsas məqsədlərdən biri azadlıq üçün bir axtarışdır."

ADO teatrının təsisçisi və tamaşanın rejissoru Elmin Bədəlov Amerikanın Səsinə müsahibəsində bildirir ki, onun məqsədi bu tamaşa vasitəsi ilə insanlara azadlığın qeyri-müəyyən bir məfhum olduğunu göstərməkdir.

Tbilisdə keçirilən küçə tamaşasının Bakıda keçirilməməsinə aydınlıq gətirən Elmin Bədəlov deyir ki , onun müraciətini Azərbaycanın aidiyyatı qurumları bir ildən çoxdur bir-birilərinin üzərlərinə yönəldirlər.

“Mən aydınlıq gətirmək istəyirəm. Çünki biz bir ildir, bəlkə də bir ildən də çoxdur ki, istəyirik ki, Bakıda küçə performası göstərək. Bildiyiniz kimi ölkədə teatra marağı o qədər öldürüblər ki, insanlar artıq teatr adı eşidəndə sanki maraqsız bir məkan olduğunu düşünürlər. Pivə içməyə daha çox gedirlər nəinki teatra. Teatra marağı artırmaq yollarını düşünəndə biz qərara almşdıq ki, küçədə də oynayaq. Küçədə insanlarda bu marağı yaradaq. Onlar görsünlər ki, bu maraqlıdır. Sabah onlar bizim teatra gəlsinlər. Beləliklə bunu inkişaf elətdirək. Biz bir ildən çoxdur Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə müraciət etmişik. Həmin rəsmi müraciətə hər iki qurum cavab verdi. Ancaq nazirlik cavabında dedi ki, bu işə meriya baxır. Meriya isə cavabında dedi ki, bu işə nazirlik baxır.”

ADO teatrının təsisçisi və bədii rəhbəri Azərbaycanda küçə tamaşalarının olmadığına təəssüflənir. Onun sözlərinə görə, digər ölkələrdə bu tamaşalar keçirilsə də, Azərbaycanda nədənsə əngəllər yaradıllar.

“Ümumiyyətlə Azərbaycanda küçə tamaşaları yoxdur. Biz istəyirik bunu yaradaq. Çox təəssüf ki, maneələr var.”

Azərbaycanda küçə tamaşalarına marağın artması üçün Elmin Bədəlov hesab edir ki, ilk öncə süni əngəllər aradan qaldırılmalıdır. Belə tamaşaların göstərilməsi üçün Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməlidir.

ADO teatrı hazırda yeni teatr tamaşalarını hazırlayır. Elmin Bədəlovun sözlərinə görə, teatr yeni sezonunu açacaq.

ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarus, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.

XS
SM
MD
LG