Accessibility links

Elvin İsayevə ittiham elan olunub


Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə avqustun 15-də Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevə ittiham elan edilib,

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq bildirir ki, İsayevə ittiham elan edilərkəın onun müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib və prosesdə öz xahişi əsasında vəkil Gülarə İlyasova iştirak edib.

Öz növbəsində, vəkil İlyasova Amerikanın Səsinə bildirib ki, Elvin İsayev özünü təqsirli bilir və ittihamdan şikayət etməyəcək.

Bununla yanaşı, Elvin İsayevin qohumları dekabrın 16-da vəkil Vüqar Xasayevlə müqavilə bağlayıb.

"Mən dekabrın 16-da müstəntiqlə telefon əlaqəsi saxlayaraq İsayevin hüquqlarını müdafə edəcəyimlə bağlı müqavilə bağladığımı bildirdim. Orderimi əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində müstəntiqə təqdim etmək istədim, lakin qəbul etmədilər. Bildirdilər ki, vəkilin orderi Baş Prokurorluq vasitəsi ilə onlara göndərilməlidir. Dekabrın 17-də saat 10-da orderimi Baş Prokurorluğa təqdim etdim. Orada dedilər ki, həmin gün saat 11-də Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndəriləcək. Saat 14.30-da bu idarəyə zəng etdim, dedilər artıq order təqdim edilib. Bir az keçmiş müstəntiq zəng etdi ki, dekabrın 18-də məni 1 saylı Bakı İstintaq Təcridxanasında İsayevə təqdim edəcək. Bu gün müstəntiqlə yenidən əlaqə saxladım. Dedi ki, order ona hələ verilməyib. Məni hələ də İsayevə təqdim etməyiblər. Bu səbəbdən bu gün Baş Prokurorluğun və Omdudsmanın qaynar xəttinə müraciət edərək müstətiqdən şikayətlər etmişəm. Nədənsə hələ də məni hüquqlarını müdafiə etməli olduğum şəxsin müdafiəsinə buraxmırlar. Həm mənim, həm də hüquqlarını müdafiə etməlii olduğum şəxsin hüquqları pozulmaqda davam edir ," vəkil Xasayev Amerikanın Səsinə deyib.

Rəsmi qurumlar hələ vəkil Xasayevin dediklərinə münasibət bildirməyib.

Rəsmi məlumatda deyilir ki, Azərbaycan vətəndaşı Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə dekabrın 12-də Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Elvin İsayevin saxlanma şəraiti və səhhəti normaldır.

Elvin İsayev Rusiyanın Sankt Peterburq şəhərində yaşayıb. O, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri tənqid edib və bəzən ictimaiyyət tərəfindən təhqir sayılan ifadələrə yer verib.

İsayev ilk öncə bu ilin avqustun 24-də Rusiyada saxlanılıb. Əvvəlcə Sankt Peterburqun Dzerjinsky məhkəməsi İsayevi bu ölkənin İnzibati Xətalar Məcəlləsinin xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olmaq qaydalarının və ya qalma rejiminin pozulması maddəsi üzrə ittiham edərək 5 min rubl cərimə ilə Rusiyadan Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb. Sonra sentyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsinin tələbi ilə Dzerjinsky rayon məhkəməsinin şübhəli şəxs İsayev barədə verdiyi qərar ləğv edilib və iş yenidən baxılması üçün geri qaytarılıb.

Bununla da İsayev əcnəbilər üçün müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

Elvin İsayevin Rusiya pasportunu 2001-ci ildə Şimali Osetiyada aldığı və 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişdiyi bildirilir.

Bundan sonra Elvin İsayevin harada olması barədə xəbər yayılmayıb. Yalnız bu gün Azərbaycan Miqrasiya Xidməti onun Ukraynadan Azərbaycana deportasiya edildiyi barədə məlumat yayıb.

Bununla yanaşı, sosial şəbəkələrdə Elvin İsayevin bundan öncə Belarusda, daha sonra Ukraynada olduğu bildirilir. Azərbaycanlı mühacirlərin sosial şəbəkələrdə yaydığı qeyri-rəsmi məlumatlara görə, İsayev Ukraynada Avropa ölkələrindən birinə viza almaq istəyib. O hətta bu məqsədlə vəkil də tutub.

XS
SM
MD
LG