Accessibility links

"Mühafizəkarlar məğlubiyyətdə Tereza Meyi günahlandırır" [Audio-Müsahibə]


Elvin Yusifli

Britaniyada keçirilən parlament seçkilərinin nəticələri haqqında Xəzər Universitetinin siyasi elmlər üzrə müəllimi Elvin Yusifli Amerikanın Səsinə müsahibə verib.


Elvin Yusifli bildirib ki, Tereza Meyin inamlı şəkildə erkən seçkiləri təyin etməsi və hətta parlamentdəki yerlərin sayını 350-ə çatdıracağına dair əminliyindən sonra indiki nəticə bir qədər gözlənilməz olub.

Breksit sonrası gözləntilər fonunda bu məğlubiyyətə yaxın qələbədir.

Lakin gənclərin seçkidə aktiv iştirakı, Leyboristlər Partiyasının, xüsusilə də Ceremi Korbinin nüfuzunun son aylarda yüksəlməsi seçki nəticəsinin bu cür olacağı ehtimalını artırmışdı.

“Seçkidən əvvəl Mühafizəkarlar Partiyasının parlamentdə 330 yeri var idi, indi isə 318-ə düşməsi gözlənilir. Tereza Meyin rəhbərlik etdiyi mühafizəkarlar səslərin çoxunu qazansa da, Breksit sonrası gözləntilər fonunda bu, məğlubiyyətə yaxın qələbədir.”

Yumşaq Breksit tərəfdarları qismən də olsa istədiklərinə nail ola bildilər.

Elvin Yusiflinin sözlərinə görə, Tereza Mey erkən seçkiləri elan edərkən ən əsas Avropa İttifaqı ilə danışıqlarda sərt Breksit mandatını gücləndirmək məqsədi güdürdü.

“Baş nazir və onun tərəfdarları Britaniyanı Avropa vahid bazarından və gömrük ittifaqından çıxarmağa hazır olduqlarını bəyan etməklə Britaniyanın öz sərhədləri üzərində nəzarətini bərpa etmək istəyirlər.”

Ekspert bildirdiklərinə əsasən, seçkilərin ilkin nəticələri onu deməyə əsas verir ki, Avropa iqtisadi bazarından çıxmağın əleyhinə olan yumşaq Breksit tərəfdarları qismən də olsa istədiklərinə nail ola bildilər.

Konservativlərin seçkilərdə 10 yer qazanmış Demokratik Unionistlər Partiyası ilə razılığa gəlməsinə münasibət bildirən Yusifli, hər iki partiyanın siyasi və sosial mövzularda mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Bununla bərabər, Breksitdə nəzərdə tutulan sərhəd yaradılması ideyasının Şimali İrlandiya ilə İrlandiya arasında iqtisadi, siyasi problemlərin yarada biləcəyini nəzərə alaraq unionistlərin yumşaq Breksit tərəfdarı olacağına inandığını qeyd edib.

Elvin Yusifli onu da əlavə edib ki, seçkinin nəticəsi olaraq Britaniyada tarazlı parlament yaranıb.

“Tarazlı parlamentdə partiyaların heç biri yerlərin mütləq çoxluğuna, yəni 326 yerə sahib olmur. Nəticədə, hakim partiya gündəliyində olan qanun layihələrini parlamentdən təkbaşına keçirə bilmir və digər partiyalarla sövdələşməyə getməyə məcbur olur."

Baş nazirin istefaya getməsi real görsənmir.

Xəzər Universitetinin siyasi elmlər üzrə müəllimi Elvin Yusiflinin sözlərinə görə, baxmayaraq ki, mühafizəkarlar seçkidə məğlubiyyətə görə Tereza Meyi günahlandırırlar, baş nazirin istefaya getməsi real görünmür.

XS
SM
MD
LG