Accessibility links

Emin Hüseynov: “Mehman üzgün durumda olub”


“Son 10 gündə ilk dəfə yanvarın 18-də vəkillər Mehman Hüseynova baş çəkib. Vəkillər deyiblər ki, Mehman ancaq maye süd məhsulları qəbul edir. O, üzgün durumda olub. Sanitar hissəyə köçürülməsilə bağlı tələbi yerinə yetirilməyib.”

Bu barədə dekabrın 26-dan aclıq aksiyası keçirən bloger Mehman Hüseynovun məcburi siyasi mühacirətdə olan qardaşı, Reportyorların Təhlükəsizlik və Azadlıq İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.

Mehman ona təzyiq göstərilməsindən şikayət edib. O, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib.
Emin Hwseynov, blogerin qardaşı

Onun sözlərinə görə, dekabrın 29-dan Mehman Hüseynovu müayinə edən və yanvarın 11-də Avropa İttifaqının nümayəndə heyəti üzvlərinin ona baş çəkməsi ərəfəsində səhhətinin ağır olması barədə rəy verən həkim kənarlaşdırılıb və vəkillərlə görüşdə başqa həkim iştirak edib.

“Mehman ona təzyiq göstərilməsindən şikayət edib. O, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib. Qardaşım deyib ki, sanitar hissəyə və ya karserə (cərimə təcridxanası) köçürülməsini istəyib. Çünki kamerada başqaları yemək yeyir və yeməklərin iyindən onun halı daha da pis olur. Bloger xahiş edib ki, yanına heç kim gəlməsin və onunla foto çəkdirməsin. Xarici diplomatlar gəlmək istəsələr, o zaman xarici həkimlərlə birlikdə gəlsinlər. O, yeni yerli həkimə etibar etmir,” Emin Hüseynov bildirib.

Öz tərəfindən RATİ tərəfdaş beynəlxalq təşkilatlar ilə birlikdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerdən və xarici əlaqələr üzrə ali nümayəndə Federika Mogerinidən daxili araşdırmanın aparılmasını xahiş etmək niyyətindədir.

“Çünki Mehman Hüseynovun guya aclığı dayandırması ilə bağlı Avropa Parlamentinə dezinformasiya ötürülür” , o qeyd edib.

Emin Hüseynov Avropa İttfaqı nümayəndə heyətinin Mehman Hüseynovun həkim nəzarətində olmasını qeyd etməsindən təəccübləndiyini bildirib.

Diplomatlar Mehman Hüseynovla görüşüb (Foto Trend.az saytından götürülüb)
Diplomatlar Mehman Hüseynovla görüşüb (Foto Trend.az saytından götürülüb)

“Halbuki, Mehmanı sanitar hissəyə köçürməyiblər, digər məhbuslardan təcrid etməyiblər, onun vəziyyətinin ağır olması barədə rəy vermiş həkimi isə kənarlaşdırıblar,” o deyib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger Avropa İttfaqı nümayəndə heyətinin onun həkim nəzarətində olmasını qeyd etməsindən təəccüblənib.
Emin Hüseynov, blogerin qardaşı

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Azərbaycanda yanvarın 2-də ictimaiyyət nümayəndələrininblogerə dəstək məqsədii ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

Dünyanın müxtəlif ölkələrində də dəstək aksiyaları keçirilir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Avropa Parlamenti 533 səslə “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Avropanın müxtəlif şəhərlərində, ABŞ-da siyasi məhbuslara azadlıq tələbi ilə piketlər keçirilib.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

“Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir," Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, iqtidarda olan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qətnaməsinə belə münasibət bildirib.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG