Accessibility links

"Artıq ciddi sanksiyaların zamanı gəlib çatıb" [Audio-Müsahibə]


İyun ayının 26-da Fransanın Strasburq şəhərində "Avropa Şurası daxilində mətbuatın susdurulması: Ölümdən həbsxanaya qədər sərhədləri aşan oğurluq" mövzusunda dinləmələr keçirilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov tədbir haqqında Amerikanın Səsinə danışıb.

Onun sözlərinə görə, dinləmələrin əsas mövzusu Azərbaycanda azad mediaya qarşı olan təzyiqlər, Mehman Qələndərovun müəmmalı ölümü və Əfqan Muxtarlının oğurlanması olub. Müzakirələrdə 10 ölkədən olmaqla, 20-yə yaxın millət vəkili iştirak edib.

“Tədbirdə Gürcüstanın hakim partiyasından 2 millət vəkili də iştirak edirdi. Onlar Əfqan Muxtarlının işi ilə bağlı təəssüf keçirdiklərini və istintaq həqiqətlərinin tez bir zamanda üzə çıxmasının tərafdarı olduqlarını bildiriblər.”

Tədbirdə Azərbaycan tərəfindən Emin Hüseynovla yanaşı "Azərbaycan saatı" teleproqramının təsisçisi Qənimət Zahid də çıxış edib. Qənimət Zahid öz çıxışında “Azadlıq qəzeti” və “Turan” TV-nin əməkdaşlarına qarşı edilən təzyiqlər və özünə qarşı Avropada hazırlanan sui-qəsd barədə məlumat verib.

Əfqan Muxtarlının oğurlanması hadisəsi Gürcüstanın müasir tarixinə və Qərbə inteqrasiyası planına ziddir.

Gürcüstan tərəfindən isə media eksperti kimi “Rezonans” qəzetinin baş redaktoru Laşa Tuquşa çıxış edərək bildirib ki, Əfqan Muxtarlının oğurlanması hadisəsi Gürcüstanın müasir tarixinə və Qərbə inteqrasiyası planına ziddir. Laşa Tuquşa onu da əlavə edib ki, Gürcüstan media nümayənləri və vətəndaş cəmiyyəti kimi bundan sonra da azərbaycanlı həmkarları ilə çiyin-çiyinə çalışacaqlar.

Emin Hüseynov vurğulayıb ki, Gürcüstan parlamentinin hakim partiyasının sədrinin bildirdiyinə görə, Əfqan Muxtarlının oğurlanmasında Gürcüstan hökümətinin heç bir iştirakı olmayıb. RATİ rəhbəri həmçinin gürcü millət vəkilinə Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin gələcəkdə Gürcüstana gedib-getməməklə bağlı narahatlığını dilə gətirib. Gürcü vəkilləri bu mövzuda hər iki ölkənin vətəndaş cəmiyyətləri ilə danışıqlara hazır və narahatlıqların aradan qaldırılmasında maraqlı olduqlarını bildiriblər.

RATİ rəhbəri onu da əlavə edib ki, tədbirin əsas məqsədi avropalı deputatlara göstərmək idi ki, Azərbaycan hökümətinə daha bir şans verməyin fərqli nəticəsi olmayacaq.

Bu öhdəliklər yerinə yetirilmədiyi təqdirdə Avropa Şurasının müvafiq qanunverici mexanizmləri işə salınıb, Azərbaycanın hətta qurumdan çıxarılması məsələsinə baxılmalıdır

“Biz avropalı deputatları inandırmağa çalışırdıq ki, baxın, Avropa Parlamenti də bununla bağlı müvafiq qətnamə verib. Artıq Avropa Şurasının Azərbaycan hökümətindən insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməyin vaxtı çatıb. Bu öhdəliklər yerinə yetirilmədiyi təqdirdə Avropa Şurasının müvafiq qanunverici mexanizmləri işə salınıb, Azərbaycanın hətta qurumdan çıxarılması məsələsinə baxılmalıdır.”

Dinləmələr başa çatsa da Emin Hüseynov qarşıdakı bir neçə gün ərzində avropalı deputatlar və siyasi qurumların liderləri ilə ayrı-ayrılıqda görüşlərin keçiriləcəyini, həbsdə olan siyasi məhbusların, jurnalistlərin saxlanma şəraitlərinin yaxşılaşdırılması yollarının müzakirə ediləcəyini bildirib.

XS
SM
MD
LG