Accessibility links

Emin Saqıyevin on gündür aclıq etdiyi bildirilir


Emin Saqiyev (Kollaj Mikroskop Media səhifəsindəndir)
Emin Saqiyev (Kollaj Mikroskop Media səhifəsindəndir)

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində 10-cu gündür aclıq edir.

Bu barədə Emin Saqıyevin ailəsindən Amerikanın Səsinə bildiriblər.

“Emin Saqıyev avqustun 26-da evə zəng etmişdi. O güclə danışırdı, böyrəklərində problem yarandığını, ürəyində sancmalar olduğunu bildirdi. Dedi ki, aclığı sonadək davam etdirəcək,” Sağıyevin həyat yoldaşı Aygün Saqıyeva Amerikanın Səsinə deyib.

Emin Saqıyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcılsı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk sonuncu bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin iclasından sonra başlayıb.

“Ali Məhkəmə şikayəti təmin etmədi. Saqıyev məhkəmənin qərarı ilə razılaşmadı və məhkəmədə aclığa başladığını elan etdi,” vəkil qeyd edib.

Bayramov Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

Deyilənlərə hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG