Accessibility links

Emin Saqiyev 15 gündür həbsxanada aclıq edir


Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində 15-ci gündür aclıq edir.

Bu barədə Emin Saqıyevin ailəsindən Amerikanın Səsinə bildiriblər.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı Ali Məhkəmənin iclasından sonra başlayıb. O, Ali Məhkəmənin qərarına etiraz edir.

Bayramov Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib

Saqıyevin həyat yoldaşı Aygün Saqıyeva Amerikanın Səsinə deyib ki, Emin Saqıyevin məhbus yoldaşı avqustun 31-də onların evinə zəng edib.

“O bildirdi ki, Eminin səhhəti kəskin pisləşib. Dünən həkimlərin xahişlərinə baxmayaraq, o yenə qidadan imtina edib. Emin güclə danışır, böyrəklərində və ürək nahiyyəsində kəskin ağrılar var. Saqiyev ombudsmanla görüş tələb edir,” o qeyd edib.

Öz növbəsində Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər ki, bu gün, sentyabrın 1-də Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri 6 saylı Cəzaçəkmə Müəssisəsində Emin Saqiyevi qəbul edib.

“Saqiyevin müraciətləri dinlənilib, müvafiq hüquqi məsləhətlər verilib. Ombusmanın səlahiyyətləri çərçivəsində lazımi köməkliklər göstəriləcəyi onun diqqətinə çatdırılıb,” Ombudsman Aparatından Amerikanın Səsinə bildiriblər.

Son məlumatlara görə, Saqiyev qidadan imtina edərək tələbi yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəyini bildirib. O, qanunvericiliyə uyğun olaraq cəzaçəkmə müəssisəsinin tibbi-sanitar hissəsinə yerləşdirilib, həkim nəzarətindədir.

Emin Saqıyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcısı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk sonuncu bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.

Deyilənlərə hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG