Accessibility links

Əminə Hacıyeva: Qardaşım Cahangir Hacıyev qeyri-insani rəftara məruz qalır


Cahangir Hacıyev

"Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır".

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezident İlham Əliyevə müraciətində belə yazıb.

Hacıyeva bir həftə əvvəl ölkə başçısına müraciət göndərib, ancaq məktubunun prezidentə çatıb-çatmadığına əmin olmadığından mətbuat vasitəsi ilə də müraciət etmək məcburiyyətində qalıb.

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.

Cahangir Hacıyevin bacısı qeyd edir ki, ötən ilin sentyabrından başlayaraq ailə üzvlərinə, eləcə də ona qardaşı ilə görüşməsinə imkan verilmir.

"Hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib, vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır. Sağlamlıq vəziyyəti çox pisdir, Hoşimoto sindromu, hipertoniya xəstəliklərindən əziyyət çəkir, müalicə olmaq imkanlarından məhrum edildiyindən sonra xəstəlikləri kəskinləşir", bacısı prezidentə yazır.

Əminə Hacıyeva qeyd edir ki, Cahangir Hacıyevin külli miqdarda vəsaitin mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmayıb.

"Lakin buna baxmayaraq mətbuatda onun haqqında ittihamedici materiallar dərc edilməkdədir, onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb, ötən ilin sentyabır ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə karsa (cərimə kamerasına) salınıb, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşib".

Bacısı Cahangir Hacıyevin dövlətə, ölkə başçısına sadiq şəxs olduğunu, bank sektorunun inkişafında quruculuq işlərində zəhmətinin az olmamasını da qeyd edib.

O, ölkə başçısından xahiş edib ki, Cahangir Hacıyevə qarşı davam edən qeyri-insani rəftarın qarşısının alınmasında yardımçı olsun.

Rəsmi qurumlar hələ Əminə Hacıyevanın müraciətinə münasibət bildirməyib. Bununla yanaşı Penitensiar Xidmət bir qayda olaraq məhbusların qanunvericiliyə uyğun saxlanıldığını, onlara qarşı hər hansı qeyri-insani rəftar olmadığını bildirir.

Öz növbəsində, Cahangir Hacıyevin vəkilləri hüquqlarını müdafiə etdiyi şəxslə görüşlərinə icazə verilmədiyi barədə bəyanatlarla çıxış edib. Bu il yanvarın 22-də Hacıyevin vəkili Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Fəxrəddin Mehdiyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsinə görə cəzalandırıldığını bildirib.

Yerli saytlarda dərc edilən müsahibədə Cahangir Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Cahangir Hacıyevin digər vəkili Aqil Layıcova isə töhmət verib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG