Accessibility links

İşıqların verilməsində yenə fasilə


İyulun 12-də ölkənin bəzi ərazilərinin elektriklə təchizatında problem yaranıb.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

"Həmin yanğına görə respublikanın bəzi bölgələrinə enerji verilməsi dayandırılıb. Bu, təhlükəsizlik məqsədi daşıyır", o qeyd edib.

Elektrik enerjisinin verilməsinin nə zaman bərpa ediləcəyi bilinmir.

Elektrik kəsintisi səbəbindən Bakı Metropoliteninin fəaliyyətində də problemlərin yarandığı bildirilir.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yerli mediaya bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, elektrik enerjisi bu gün saat 16:10 radələrində kəsilib.

"Bənövşəyi xətdə - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb. Yaşıl və Qırmızı xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında "Avtovağzal" və "Memar Əcəmi" stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb. Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub", B.Məmmədov vurğulayıb.

İyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkədə elektrikin verilməsində uzun müddət fasilə yaranıb. Ertəsi gün Mingəçevir İstilik Elektrik Stansiyasında ikinci dəfə yanğın baş verib.

Qəzanın səbəbini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Hələlik komissiya işini davam etdirir.

XS
SM
MD
LG