Accessibility links

National Geographic-in ilk qadın fotoqraflarından biri olan Enni Qriffits


National Geographic-in ilk qadın fotoqraflarından biri olan Enni Qriffits
please wait

No media source currently available

0:00 0:03:22 0:00

National Geographic-in ilk qadın fotoqraflarından biri olan Enni Qriffits şəkil çəkmək üçün 150-dən çox ölkəyə səyahət edib. 45 illik karyerası boyunca bütün qitələrdə təbiəti sənədləşdirib və yoluna çıxan qadınların hekayələrini toplayıb. "Mən həmişə qadın olmağın işimdə bir üstünlük olduğunu hiss etmişəm. Mən əvvəlcə fotojurnalistikaya başladım və sonra dünyanın yarısının mənə aid olduğunu dərk etdim. Mən beş il Yaxın Şərqdə layihələr üzərində işlədim. Yaxın Şərqin bir çox bölgəsində oldum və mədəniyyətlərində çox zaman cinsi ayrı-seçkiliyi gördüm. Fikrimcə, Qərb dünyası bunu tez-tez mühakimə edir, lakin yenə də buna qadının nöqteyi-nəzərindən baxmaq imkanı var” - deyə, Enni Qriffits bildirir.

Qriffitsin kamerası təbii fəlakətlərdən və miqrasiyalardan, ayrıseçkilikdən və müharibələrdən, epidemiyalardan və aclıqdan sağ çıxan qadınları hədəf alıb. Lakin bütün bunlara baxmayaraq, o, həmin qadınların ənənələrini yaşatdıqlarını, uşaqlarını böyüdüklərini, kədərləndiklərini və sadəcə yaşadıqlarını deyir. “Diqqət çəkdiyim hekayələr həll yollarını tapan qadınların hekayələridir. Adətən bu ona görə baş verir ki, onlar qrup halında toplaşır və bir qrup olaraq nə isə əldə etməyin mümkün olduğunu başa düşürlər. Onlar milyonlarla ağac əkən qadınlardır. Onlar kişilər getdikdən sonra son dəqiqəyə qədər həmin yerdə qalıb uşaqlarını böyüdən, bəzən də valideynlərinə himayədarlıq edən qadınlardır."

Qriffits qadınların qurban kimi görünmək istəmədiyini deyir və ən acınacaqlı vəziyyətdə belə ümidlərini itirmədiyinə inanır. Onun inkişaf etməkdə olan ölkələrin qadınlar üçün proqramları maliyyələşdirən Ripple Effect Images adlı bir xeyriyyə layihəsini yaratmasının səbəbi də bu olub. Belə bir proqram yaratmaq fikri Qriffitsin ağlına doqquz il əvvəl, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımla bağlı məlumatlarını görəndən sonra gəlib. "Amerikanın yardım üçün verdiyi hər bir dollarlardan iki senti qadınlar üçün proqramlara verilir. Beləliklə bunun 98 faizi kişi proqramlarına verilir. Mən də dünyanın ən yaxşı fotoqraflarından olan rəfiqələrimə zəng vurdum və dedim - nəyə görə biz dünya boyu müşahidə etdiyimiz qadınlardan öyrənmirik? Və onlar bizə yalnız ilk altı ildə 10 milyon dollardan çox pul yığdıqlarını bildirdilər. Deməli bunu etmək olar."

Lakin Qriffits yalnız işi ilə məşğul deyil, onun iki uşağı var və o əvvəcədən uşaqları ilə iki həftədən çox ayrılmayacağına söz verib. National Geographic-lə iş səyahətlərinin əksəriyyəti azı üç ay davam edir və buna görə də Qriffitsin uşaqları onlarla ölkəni gəzib və minlərlə insanla tanış olub. Enni Qriffitsin oğıu Çarls Belt “Anamla qarnında olduğum müddətdən bəri gəzirəm. Beləliklə bu illər ərzində bir neçə hekayə toplamışam. Həqiqətən möhtəşəm yerlərdə olduq. Bu illər ərzində unudulmaz məqamlar olub. Yaxın Şərq isə mənim üçün çox özəldir."

2008-ci ildə Qriffits iş, ailə və bütün dünya ilə harmoniyaya necə nail olduğu barədə "Kamera, İki Uşaq və Dəvə" adlı foto xatirə kitabını nəşr edib.

XS
SM
MD
LG