Accessibility links

Entoni Fauçi: Amerikalıların 2022-ci ildə də maska taxmalı ola biləcəyi mümkündür


ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi, doktor Entoni Fauçi amerikalıların 2022-ci ildə hələ də maska taxmaq məcburiyyətində qala biləcəklərinin mümkün olduğunu deyib. Onun sözlərinə görə, COVID-19-un yayılmasının qarşısının alınması ilə bağlı mübarizə tədbirləri daha çox insanın vaksinasiya olması ilə zəiflədilə bilər.

“Vəziyyət düzəlməyə başlayanda və əhalinin böyük əksəriyyəti vaksinasiya olunduqda mən daha rahatlıqla `maskaları çıxarda bilərik` deyə bilərəm”, Fauçi bildirib.

AŞB-ın baş infeksionisi bu açıqlamaları CNN tele kanalına verdiyi müsahibə zamanı verib.

“Düşünürəm ki, keçən il çəkməli olduğumuz ağır yükdən sonra müəyyən dərəcədə `normallıq` səviyyəsinə çatacağıq” – deyə Fauçi qeyd edib.

Doktor Fauçi NBC tele kanalına müsahibəsi zamanı ABŞ-da kollektiv immunitetin nə zaman yaranacağı ilə bağlı fikir söyləməyin hələ tez olduğunu bildirib.

Fauçi Fox News tele kanalına müsahibə zamanı amerikalıların ikinci vaksinasiyaya ehtiyacı olub-olmadığı ilə bağlı sualın cavabında bunun Cənubi Afrika ştammı ilə bağlı durumdan asılı olduğunu deyib.

Birləşmiş Ştatlarda ekstremal soyuq hava şəraiti və elektrik enerjisinin kəsilməsi keçən həftə 2 mindən çox vaksinasiya məntəqəsinin bağlanmasına səbəb olub. Hava şəraiti nəticəsində ABŞ-ın bütün 50 ştatına 6 milyon doza vaksinin çatdırılmasında ləngiləmələr baş verib. Bu, Bayden administrasiyasının vaksinlərin çatdırlmasını sürətləndirmək səyləri qarşısında maneə yaradıb. Ağ Evin baş müşaviri Endi Slavitt federal hökumətin gecikmiş vaksinlərin tətbiqini sürətləndirmək üçün peyvənd tətbiq edilmə məntəqələrindən iş saatlarının uzadılmasını istədiyini bildirib.

ABŞ Prezidenti Co Bayden hakimiyyətdə olduğu ilk 100 gündə 100 milyon doza peyvəndin tətbiq ediləcəyinə dair vədini yerinə yetirə biləcəyinə inandığını bildirib.

ABŞ-da ayın əvvəli orta hesabla gündə 1.5 milyondan çox doza peyvənd çatdırılıb.

Şərhlərə bax

XS
SM
MD
LG