Accessibility links

Ərdəbil məktəblərinin qızdırıcı cihazları standartlara uyğun deyil


Dərmanlı kəndinin məktəbində yanğın olub

Ötən günlərdə Ərdəbilin Dərmanlı kəndində baş verən məktəb yanğını soyuq və şaxtalı qışları ilə məşhur olan vilayətdə kənd məktəblərinin standart qızdırıcı sobalarla təmin edilmədiyini təkrar gündəmə gətirib.

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya istinadən, yanğın zamanı sinif şagirdləri müəllimin yardımı ilə vaxtında eşiyə çıxarılsa da, müəllimin özü xəstəxanaya aparılıb.

Yanğın olayından öncə də vali Məcid Xudabəxş başda olmaqla, vilayətin bir neçə məsulu Ərdəbil məktəblərində qızdırıcı cihazların təhlükəsizlik standartlarını qarşılamadığına diqqət çəkmişdilər.

İLNA xəbər agentliyinin yaydığı xəbərə görə, Məcid Xudabəxş bir neçə həftə öncə vilayətdə yeni və standart qızdırıcı cihazların quraşdırılması üçün yetərli büdcə ayrılmadığını qeyd etmişdi.

Həmçinin, İran Standartlar İnstitutu Ərdəbil şöbəsinin sədri Haşim Əlayi bir neçə gün öncə Ərdəbil məktəblərində sobaların standartlaşdırılmasını tələb edib.

Ərdəbil vilayətində fəaliyyət göstərən Sabalaneh adlı xəbər saytı isə ərdəbilli məktəblilərin qış fəslində üzləşdiyi problemlər haqqında ətraflı reportaj yayıb. Sabalaneh 2 il öncə Qərbi Azərbaycanda baş verən faciəvi məktəb yanğınını xatırladaraq, belə bir hadisənin Ərdəbildə də baş verə biləcəyi ilə bağlı xəbərdarlıq verib.

XS
SM
MD
LG