Accessibility links

Ərdəbil kəndlilərinin etirazı nəticə verib - Torpaqlar geri qaytarılır


Zingir kəndi əhalisinin ərazisi İranın sərhəd hərbi qərargahı tərəfindən zəbt edilmişdi

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Ərdəbil vilayətinin muğan bölgəsində örüş və otlaq yerlərinin İranın sərhəd hərbi qərargahı tərəfindən zəbt edilməsinə etiraz edən Zingir kəndinin əhalisinin ərazisi onlara geri qaytarılıb.

Ötən sentyabr ayında Germi şəhərinin sərhəd hərbi qərargahının Zingir əhalisinə məxsus olan Sarıbulaq yaylağında 30 hektarlıq ərazini zəbt etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Azərbaycan xəbər saytlarının nəşr etdiyi məlumata görə, kəndlilər əlaqədar dövlət orqanları və məhkəmə qurumuna müraciət edib, eləcə də etiraz aksiyası keçirərək torpaqlarını geri almaq üçün kampaniya başladıblar.

Oyan News veb səhifəsi ötən günlərdə bu etirazların nəticə verdiyini bildirib.

“Ərdəbil vilayəti orqanlarına müraciət edən əhalinin şikayət və etirazlarından sonra sərhəd hərbi qərargahın vilayət komandanlığından bölgəyə gələn təftiş qrupu örüş və otlaq yerlərinin ətrafına çəkilmiş tikanlı məftilləri qaldıraraq ərazini sahiblərini geri verib,” deyə Oyan News qeyd edib.

Kənd torpaqlarının hərbi orqanlar tərəfindən zəbt edilməsi halları keçmişdə İran Azərbaycanının Muğan bölgəsində müşahidə edilib.

2008-ci ildə yerlərinin zəbt edilməsinə etiraz edən Ayazkəndi, Qardağlı, Böyükxanlı, Xəlilkəndi və Salmankəndi əhalisi və İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) qüvvələri arasında baş verən toqquşmalarda azı bir nəfər Sepah tərəfindən öldürülmüşdü.

XS
SM
MD
LG