İran Azərbaycanının Ərdəbil vilayətində bir nəfərin koronavirusa yoluxduğu bu gün səhər Səhiyyə və Tibbi Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cahanpur tərəfindən təsdiqlənib. Axşam isə Ərdəbil Tibb Elmləri və Sağlamlıq Universitetinin müdiri yoluxma hallarının artdığını və hal-hazırda 2 nəfərin virusa yoluxduğunu bildirib.
Doktor Əxvan Əkbəri Ərdəbil vilayətinin televizyası ilə canlı müsahibədə bildirib ki, Tehrana göndərilən koronavirus testlərinin nəticələri Ərdəbildə iki nəfərin yoluxduğunu müəyyən edib. Əkbəri bu günə qədər Ərdəbil vilayətində 28 nəfərin koronavirus ilə əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirib.
"Tehrana göndərilən 9 nəfərin test nümunələrindən 2 nəfərin test nəticələri müsbət, 6 nümunə mənfi, 1-i isə hələ elan edilməyib" - deyə, o bildirib.
Rəsmilərin bildirdiyinə görə, ölkədə cəmi 139 nəfər koronavirusa yoluxub, bunlardan isə 19 nəfəri həyatını itirib.
İran rəsmilərinin verdiyi məlumata əsasən, koronavirusa yolxuma halları ölkənin 15 vilayətində müəyyən edilib. Qum və Gilan vilayətlərinin ən çox yoluxma halları müəyyən edildiyi vilayətlər olduğunu bildirilir.
Bəzi muxalif qruplar hökümətin koronavirusla bağlı həqiqətləri gizlədiyini və həyatını itirənlərin sayının daha çox olduğunu iddia edirlər.
ABŞ dövlət katibi fevralın 25-də Dövlət Departamentində keçirilən mətbuat konfransında Vaşinqtonun Tehranın həyati təfərrüatların üstünü örtməyə dair xəbərlərdən çox narahat olduğunu bildirib.