Accessibility links

Ərdəbildə 12 siyasi fəal məhkəməyə çağırılıb


Ərdəbildə 12 siyasi fəal Azərbaycan və Ermənistan arasında 44 gün çəkən müharibə zamanı İran Azərbaycanında keçirilən aksiyalar ilə əlaqədar ümumi və inqilab prokurorluğuna çağırılıb.

Hüseyn Balaxani İsalı, Mustafa Pərvin, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani Ocaq 2020-ci ilin sentyabr ayının 29-da Ərdəbilin Cıral Parkında keçirilən Qarabağa dəstək mitinqində nəzarət altına alınıb və daha sonra müvəqqəti azadlığa buraxılıblar.

Onlardan 5 gün ərzində “son müdafiə” üçün məhkəməyə müraciət etmələri tələb olunub.


Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsinə əsasən, məhkəməyə çağırılan fəallar “qarışıqlıq yaradaraq ictimai asayişi pozmaqda iştirak”, “öz bədəninə qəsdən xəsarət yetirməkdə iştirak”, “vəzifə başında olan polis məmurlarına təhqir və itaətsizlik”, “ali dini lideri aşağılamaq” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olmaqda iştirak” ittihamları ilə günahlandırılır.

Keçən ilin sentyabr və oktyabr aylarında aktiv döyüş əməliyyatları zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar yüzlərlə vətəndaş nəzarət altına alındı. Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar ilk həbslər sentyabrın 29-da Ərdəbilin Cıral Parkında baş verdi.

Daha əvvəl Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Jalə Tərizlinin sözlərinə görə, “Cıral Parkında milli fəallar hələ mitinqə başlamamışdan əvvəl tutulub. Bunlara çox kötək vurmuşdular. Çox işgəncə etmişdilər. Çox pis rəftar etmişdilər. Şəkillərdə də göründüyü kimi Səccad bəy Colaninin üzündən qan axırdı. Ondan sonra bunları həbsxananın içinə yığmışdılar. Bunları sakit etmək üçün o qədər bibər qazı vurmuşdular ki, mən əminəm birinin ağciyərində problem olsaydı, oradan sağlam çıxmazdı. Qazın təsirində bəzilərinin üzünün dərisi soyulmuşdu.”

XS
SM
MD
LG