Accessibility links

Ərdoğan və Putin Afrikaya pulsuz taxıl göndərmək barədə razılığa gəliblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl ixracı müqaviləsi çərçivəsində yoxsul Afrika ölkələrinə pulsuz taxıl göndərilməsi ilə bağlı eyni fikirdə olduqlarını bildirib.

MÜSİAD EXPO 2022 Ticarət Sərgisində çıxış edən prezident Ərdoğan, enerji və ərzaq böhranının ən ağır təsirlərini "Afrika və Asiyanın kövrək dövlətlərinin" hiss etdiyini bildirib.

"Təəssüflər olsun ki, böhranın iqtisadi aspektindən danışarkən milyonlarla insanın iztirabları nəzərə alınmır. Səhraaltı Afrikada qardaşlarımızın onsuz da çox pis vəziyyəti dözülməz həddə çatıb. Ölən hər bir uşağın, hər bir günahsız insanın ağrısı ürəyimizi parçalayır və vicdanlarımızı qanadır" – deyə, Türkiyə lideri qeyd edib.

Rusiya prezidenti Putinlə söhbətində taxıl məhsullarının Cibuti, Somali və Sudana pulsuz göndərilməsini müzakirə etdiklərini ifadə edən Ərdoğan, "Cənab Putin bir öncəki gün danışığımız zamanı mənə bunu dedi: Biz bu taxılı pulsuz olaraq bu ölkələrə, Cibuti, Somali, Sudana göndərək dedi. Biz həmfikir olduq və dedik ki, gəlin bunu G20-də geniş müzakirə edək. Razılaşdıq. Bu, atmalı olduğumuz addımdır. Etməli olduğumuz da budur. İnşallah bu ayın 13-14-də Balidə görüşəcəyik və biz bu danışıqları orada aparacağıq" – deyə, Ərdoğan bildirib.

Onun açıqlamaları Rusiyanın BMT və Türkiyənin iştirakı ilə çərşənbə günü əldə olunan taxıl sazişinə qayıtmasından sonra baş tutub.

Rusiya müqavilədən çıxdığını elan etdiyi şənbə günündən sonra dörd gün ərzində taxıl ixracı Rusiyanın iştirakı olmadan davam etmişdi.

Bu həftənin əvvəlində Putin bildirib ki, onlar taxıl sazişindən çıxsalar belə, Rusiya "dünyanın ən yoxsul ölkələri" üçün nəzərdə tutulan bütün taxılı öz ehtiyatlarından pulsuz tədarük edəcək.

This item is part of
XS
SM
MD
LG