Accessibility links

Ərdoğan Maskdan Türkiyədə Tesla zavodu tikməsini istəyib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə Tesla müəssisəsi tikmək istəyi ilə Elon Maska müraciət edib. Bu barədə bazar ertəsi Türkiyə hökumətinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Açıqlamada deyilir ki, Mask bir çox türk tədarükçünün artıq Tesla ilə işlədiyini və Türkiyənin şirkətin növbəti zavodu üçün yeni yer seçərkən əsas namizədlərdən biri olduğunu bildirib.

Türkiyənin dövlət xəbər agentliyi Anadolu xəbər verir ki, Ərdoğan və Mask Nyu-Yorkun Manhettenin mərkəzindəki “Türkevi” göydələnində (həmçinin Türk Evi kimi tanınır) danışıqlar aparıblar. Ərdoğan hazırda Birləşmiş Ştatlardadır və o, BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edir.

Ərdoğan görüş zamanı Türkiyənin süni intellekt və Starlink layihələri sahəsində əməkdaşlığa açıq olduğunu bildirib. Ərdoğanın sözlərinə görə, SpaceX Türkiyədə Starlink peyk xidmətləri göstərmək üçün lisenziya almaq üçün Türkiyə hakimiyyət orqanları ilə işləmək niyyətindədir.

Türkiyə hökumətinin mətbuat xidməti həmçinin bildirib ki, Ərdoğan Maskı sentyabrın sonunda İzmirdə keçiriləcək Türk aerokosmik və texnologiya sənayesi festivalı Teknofestdə iştirak etməyə dəvət edib.

Tesla-nın hazırda altı zavodu var (hazırda Meksikanın şimalındakı Nuevo Leon əyalətində yeddinci zavod tikilir). Elon Mask may ayında Tesla-nın bu ilin sonuna qədər yeni fabrik üçün yer seçəcəyini bildirib.

Türkiyə lideri ilə danışıqlardan əlavə, Tesla qurucusunun iş qrafikində BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a gələn İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüş də var. Netanyahu qeyd edib ki, o, Kaliforniyada Mask ilə görüşərək süni intellektin inkişafı ilə bağlı müzakirələr aparacaq və onu İsrail iqtisadiyyatına sərmayə qoymağa təşviq edəcək.

Netanyahu deyib ki, Mask “böyük dərəcədə bəşəriyyətin, eləcə də İsrail dövlətinin simasını dəyişəcək yolu açıb”.

Forum

XS
SM
MD
LG