Accessibility links

Kreml Ərdoğanla Putinin oktyabrın 13-də Qazaxıstanda görüşəcəyini bildirib


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan oktyabrın 13-də Qazaxıstanda keçiriləcək sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, liderlər Rusiyanın Ukraynada davam etdirdiyi müharibə və Rusiya-Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə edəcək.

Bundan bir gün öncə Agence France Press və dpa xəbər agentlikləri Türkiyə rəsmilərinə istinadən bildiriblər ki, prezidentlər oktyabrın 12-də başlayacaq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) çərçivəsində Astanada görüşəcək.

Ərdoğan və Putin sonuncu dəfə sentyabrın ortalarında Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin sammiti çərçivəsində görüşmüşdü.

NATO üzvü Türkiyə fevralın 24-də Moskvanın qonşusuna hücuma başlayandan bəri özünü Ukrayna və Rusiya arasında vasitəçi kimi göstərib. Ankara Moskvanı tənqid etsə də, Qərbin sarsıdıcı iqtisadi və maliyyə sanksiyalarına qoşulmayıb.

Ərdoğan açıq şəkildə müharibəni dayandırmaq üçün Putini və Ukrayna prezidenti Volodimir Zelenskini bir araya gətirə biləcəyinə ümid etdiyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu televiziyaya verdiyi müsahibədə mart ayında İstanbulda rusiyalı və ukraynalı müzakirəçilər arasında aparılan danışıqlardan sonra hər iki tərəfin diplomatiyadan uzaqlaşdığını bildirib.

"Ukrayna-Rusiya müharibəsi uzandıqca, təəssüf ki, vəziyyət daha da pisləşir və mürəkkəbləşir," Çavuşoğlu dərhal atəşkəsə çağıraraq bildirib.

"Atəşkəs mümkün qədər tez yaradılmalıdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır," o qeyd edib.

XS
SM
MD
LG