Accessibility links

Kreml Putinlə Ərdoğanın Ukraynanı müzakirə etmədiyini deyib


Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğan oktyabrın 13-də Qazaxıstanda keçirilən ikitərəfli görüşdə Ukrayna müharibəsini müzakirə etməyiblər.

Görüşdən əvvəl Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən regional sammitdəki çıxışında münaqişədə vasitəçilik etməyə hazır olduğunu bildirərək, diplomatiyanın qan tökülməsini dayandıracaq "ədalətli sülh şansı" verə biləcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov"Rusiya-Ukrayna nizamlanması mövzusu müzakirə olunmayıb" deyib.

Türkiyə prezidentinin ofisindən hələlik şərh verilməyib.

NATO üzvü olan Türkiyə Ukraynadakı münaqişə boyu bitərəf qalıb və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. O, həm Kyiv, həm də Moskva ilə yaxşı münasibətləri saxlayır.

Türkiyə Moskva və Kyiv arasında sülh danışıqlarına iki dəfə ev sahibliyi edib. Lakin sonuncu görüş martda olub və heç bir nəticə verməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyasının üzvləri ilə onlayn sual-cavab sessiyası zamanı Putinlə heç bir danışıq ola bilməyəcəyini bir daha bəyan edib və beynəlxalq hüquqa hörmət etməyən liderlərlə diplomatiyanın mümkün olmadığını bildirib.

Oktyabrın 12-də Zelenski G7 liderlərinə deyib ki, Rusiya lideri ilə dialoq ola bilməz, o, yalnız terrora inanır və onun "gələcəyi yoxdur".

Türkiyə müharibə başlayandan bəri Rusiya ilə başqa danışıqlara da ev sahibliyi edib. Bu, iyul ayında Ukraynanın Qara dəniz limanlarından taxıl daşınmasına icazə verən sazişin bir hissəsi olub.

Ankara BMT ilə birlikdə Rusiyanın blokadasında olan üç liman vasitəsilə yoxsul ölkələrə taxıl tədarükü göndərməklə bağlı Moskva və Kyivlə razılaşmaya vasitəçilik edib.

Türkiyə Rusiya ilə Ukrayna arasında ən böyük məhbus mübadiləsindən birində də mühüm rol oynayıb. Sentyabrın 21-də elan edilən razılaşmada onlarla rus məhbusu və Moskvayönlü siyasətçinin əvəzinə 215 Ukrayna əsgərinin azad edilməsi nəzərdə tutulurdu.

XS
SM
MD
LG