Accessibility links

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Almaniyaya səfər edib


İki ölkənin İsrail və HƏMAS arasındakı müharibə ilə bağlı çox fərqli mövqelərinin olduğu bir vaxt, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan cümə günü Almaniyaya səfər edib.

Ərdoğan Berlində kansler Olaf Şolz və Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşlər keçirir. Şolz Ərdoğanı ölkəsinə may ayında, o yenidən seçildikdən sonra dəvət edib.

Türkiyə uzun müddətdir ki, 3 milyondan çox türk əsilli insanın yaşadığı Almaniyada qəribə, lakin vacib tərəfdaş kimi görülür. O, NATO müttəfiqidir, həm də Avropaya qaçqın və miqrant axınına nəzarət etmək səylərində də vacib rol oynayır ki, Şolz bu məsələdə güclü daxili təzyiqlərlə üzləşir. Ancaq son illərdə iki ölkə arasında müxətlif səbəblərdən gərginliklər olub.

Bu səfər oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra baş verən hadisələrlə bağlı iki ölkənin mövqeləri arasında artan uçurumun kölgəsində qalır.

Almaniya İsrailin sadiq müttəfiqidir və atəşkəs çağırışlarına qarşı çıxır. Eyni zamanda Almaniya Qəzza zolağındakı mülki əhaliyə yardım etmək üçün "humanitar fasilələri” müdafiə edir və münaqişənin yayılmasının qarşısını almaq üçün regiondakı digər ölkələrlə əlaqələrini açıq saxlamağa çalışır.

Ərdoğan İsrailə qarşı getdikcə daha sərt mövqe nümayiş etdirir. Çərşənbə günü o, İsraili Qəzzanı bütün sakinləri ilə birlikdə məhv etmək niyyətində olan "terror dövləti" adlandırıb. O, HƏMAS militantlarını öz torpaqlarını və xalqını qorumağa çalışan "müqavimət döyüşçüləri" adlandırıb. İsrail, ABŞ və Avropa Birliyi HƏMAS-ı terror təşkilatı olaraq tanıyır.

Bu və buna bənzər şərhlər Almaniyadakı siyasətçiləri dəhşətə gətirib. Bu həftənin əvvəlində Ərdoğanın şərhləri ilə bağlı sualı cavablandıran Şolz Türkiyə liderinin adını çəkməsə də, "orada İsrailə qarşı irəli sürülən ittihamlar absurddur" deyib.

Çərşənbə günü Şolz parlamentə onun Ərdoğanla danışıqlarında "fərqli fikirlərin müzakirəsi olacaq və bu məsələdə aydınlığın olması və öz mövqeyimizi çox aydın bildirməyimiz çox vacibdir" deyib.

Keçən ay Ərdoğanın İsraili müharibə cinayətləri törətməkdə ittiham etməsindən sonra İsrail Türkiyədəki diplomatlarını geri çağırıb. Daha sonra Türkiyə İsraildən səfirini geri çağırıb.

Ərdoğanın Almaniyaya səfəri ərəfəsində daha bir gərginlik sahəsi ortaya çıxıb. Cümə axşamı Türkiyənin müdafiə naziri Yaşar Gülər Türkiyənin 40 “Eurofighter Typhoon” təyyarəsi almağı planlaşdırdığını, lakin Almaniyanın özü, Britaniya, İspaniya və İtaliya tərəfindən istehsal olunan döyüş təyyarələrinin satışına mane olduğunu bildirib.

Forum

XS
SM
MD
LG