Accessibility links

Zelenski müharibə və Qara dənizlə bağlı danışıqlar üçün İstanbulda Ərdoğanla görüşəcək


Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla Rusiya ilə müharibə və Qara dənizdə naviqasiya ilə bağlı danışıqlar aparmaq üçün cümə günü İstanbula getməli idi.

Türkiyə prezidentliyinin dərc etdiyi planlara əsasən iki liderin İstanbuldakı Dolmabaxça sarayında görüşü və cümə günü axşam mətbuat konfransı keçirməsi planlaşdırılıb.

Zelenskinin ofisi bildirib ki, prezidentlər Kyivin münaqişəyə son qoymaq təklifini, eləcə də "Qara dənizdə naviqasiya təhlükəsizliyi, qlobal ərzaq sabitliyi, Rusiya dövləti tərəfindən saxlanılan ukraynalı məhbusların və siyasi məhbusların azad edilməsini" müzakirə edəcək.

NATO üzvü olan Türkiyə iki ildir davam edən müharibə boyu həm Moskva, həm də Kyivlə yaxşı münasibətlər saxlamağa çalışıb. Ərdoğan özünü əsas vasitəçi və sülhməramlı kimi təqdim edib.

Türkiyənin diplomatik mənbəsi cümə günü France Press xəbər agentliyinə bildirib ki, Ankara "bir daha Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə güclü dəstəyini davam etdirdiyini vurğulayacaq".

Türkiyə müharibənin ilk həftələrində Kyiv və Moskva arasında uğursuz atəşkəs danışıqlarına ev sahibliyi edib və gələcəkdə bu danışıqları canlandıracağına ümid edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın əvvəlində "Hər iki tərəf indi müharibə yolu ilə nə əldə edə biləcəklərini bilmə həddinə çatıb" deyə, bildirib.

O, “Biz hesab edirik ki, atəşkəs üçün dialoqa başlamağın vaxtı çatıb” deyib.

Türkiyənin Qara dənizdəki strateji yeri və Bosfor boğazına nəzarəti ona münaqişədə özünəməxsus hərbi, siyasi və iqtisadi rol verir.

2022-ci ilin iyulunda Ankara Kyiv və Moskva arasında indiyə qədər əldə edilmiş ən mühüm diplomatik razılaşma olan Qara Dəniz Taxıl Sazişinə vasitəçilik edib.

Moskva Ukraynanın kənd təsərrüfatı məhsullarının minalanmış Qara dənizdən təhlükəsiz keçməsinə imkan verən təşəbbüsdən bir il sonra şərtlərin ədalətsiz olduğunu deyərək, sazişdən imtina edib.

O vaxtdan bəri Kyiv mübahisəli beynəlxalq sulardan yan keçərək, gəmilər üçün sahil zolağı ilə alternativ ixrac marşrutunu işə salıb.

Türkiyə yüklərin yenidən bu sularda təhlükəsiz şəkildə hərəkət etməsini təmin etmək üçün razılaşmaya ciddi lobbiçilik edir.

Zelenskinin ofisi bildirib ki, Ukrayna lideri cümə günü donanması üçün korvetlərin inşa edildiyi gəmiqayırma zavodlarına da baş çəkəcək və Türkiyənin müdafiə şirkətləri ilə görüşəcək.

Forum

XS
SM
MD
LG