Accessibility links

Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayı sürətlə artır


Azərbaycanda ərəb ölkələrindən olan turistlərin sayı sürətlə artmaqdadır. Son aylar Bakının bütün istirahət və turist mərkəzlərində, o cümlədən ticarət obyektlərində hər addımbaşı ərəb ölkələrindən olan insanlara rast gəlmək mümkündür.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumat da bu təsdiqlənib.

Belə ki, 2016-cı il fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib.

Məlumatda deyilir ki, körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr göstərməsinə təkan verib.

“Müqayisə üçün bildiririk ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınmışdır.

Bununla yanaşı, ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınmışdır. Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər etmişdir ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur”, deyə məlumatda qeyd edilir.

Maraqlıdır ki, Azərbaycan İran, Türkiyə kimi yaxın qonşu ölkələrlə, Avropa və Şimali Amerika ölkələri ilə viza rejiminı hələ də sadələşdirməyib.

XS
SM
MD
LG